MM İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib

Posted by

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik hesabatı təqdim olunub.

APA-nın məlumatına görə, hesabatı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edib.

Nazir müavini bildirib ki, keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup (+2) zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib. Onun sözlərinə görə, onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 3 uşağa aliment ödənilməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib, daha 7 nəfər “Azərbaycan Uşaq Birliyi”nin nəzdindəki sığınacağa yerləşdirilib.

V. Eyvazov bildirilib ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb və bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunub.

Deputat Siyavuş Novruzov müzakirələr zamanı “Son vaxtlar mətbuatda oxuyuruq ki, kimsə kimisə qaçırıb, kimsə kimisə aparıb. Bunlar Azərbaycan milli mentalitetinə zidd olan məsələlərdir”, deyə bildirib: “Bu məsələdə ictimai nəzarət və KİV-in oynadığı rol çox mühümdür. Milli-mənəvi dəyərlərə zidd addımlar atan həmin insanların ictimaiyyət tərəfindən qınanması bəlkə də hüquqi tədbirlərdən effektli olar. Əgər kimsə vaxtında dərsə getmirsə, yolunu azıbsa, bu, gələcək faciələrdən xəbər verir. Ona görə də hamımız çalışmalıyıq ki, mübarizəmizin effekti daha da artsın”.

S. Novruzov insan alverinin obyektiv və subyektiv səbəblərinin olduğunu da deyib.

Deputat Tahir Kərimli hesabatı yüksək qiymətləndirməklə yanaşı, Milli koordinatorun gördüyü işləri qiymətləndirməyi də vacib saydığını açıqlayıb: “Mən vaxtilə o qədər həyəcanlıydım ki, əxlaq polisinin yaradılmasını təklif etmişdim. Amma son illər çox ciddi nəticələr əldə olunub”.

Deputat Qənirə Paşayeva isə qadınların cinsi istismara məruz qalması faktlarından narahatlığını bildirib. O, bütün cəmiyyəti insan alverinə qarşı mübarizədə daha fəal olmağa çağırıb və bəzi qanunların tezliklə qəbulunun vacibliyini vurğulayıb.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul olunub.

Apa.az