Şəmkirdə regional “Açıq qapı günü” – vətəndaş forumu keçirilib

Posted by

Şəmkirdə regional “Açıq qapı günü” - vətəndaş forumu keçirilibŞəmkirdə regional “Açıq qapı günü” – vətəndaş forumu keçirilib

Şəmkirdə regional “Açıq qapı günü” - vətəndaş forumu keçirilib

Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Şəmkirdə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa və Qazax rayonlarından olan sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.

 

Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların çoxsaylı sualları cavablandırılıb, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

 

Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunub. Həyata keçirilən islahatlar çərçivəsində 2006-cı ildən etibarən dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunmasına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu əsasında pensiya təminatına başlanılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır.

 

Aprel ayının 1-inə olan statistikaya əsasən, ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 13 863 nəfər təşkil edir. Onların 60,89%-i yaşa görə, 26,42%-i əlilliyə görə, 12,69%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 69,7%-i kişilər, 30,3%-i isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 474,1 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1%-ni təşkil edir.

 

Dövlət qulluqçularının fərdi hesablarına toplanan sosial sığorta haqları ilə bağlı sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, həmin şəxslərə ilk növbədə fərdi uçot məlumatları əsasında ümumi qaydada pensiya hesablanır, sonra isə həmin məbləğ dövlət qulluğunda xidmət illərindən asılı olaraq müəyyən edilən həddə çatdırılır. Bunun üçün ümumi qaydada hesablanan pensiyaya edilən əlavə qulluq stajına görə əlavə adlanır. Buradan aydın olur ki, dövlət qulluqçularının da pensiyasının məbləği fərdi uçot əsasında hesablanır, lakin həmin məbləğ bəlli həddən aşağı olduqda ona əlavə edilməklə bu həddə çatdırılır. Bu hal dövlət qulluğunda xidmətə stimullaşdıran əsas cəhətlərdəndir.

 

Təqdimatla çıxış edən fondun şöbə müdiri Elşən Məmmədəliyev dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirib. Dövlət qulluqçusunun müraciət etdiyi vaxt mövcud olmayan vəzifələrin uyğunlaşdırma siyahısında nəzərdə tutulmayan vəzifələr, xidmət illərinə görə qulluq əlavəsinin faizləri, ixtisas dərəcəsi əlavəsinin nəzərə alınması, işləyən dövlət qulluqçularına əlavələrin ödəniş qaydası və digər bu kimi məsələlər barədə iştirakçılarla geniş izahat aparılıb.

 

Apa.az