Əmək müqaviləsi bildirişləri üzrə elektron xidmət əhalinin ən çox istifadə etdiyi elektron xidmətdir
Bu ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti istifadə sayı 143 348 ədəd olmaqla, “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmət siyahısında yenə ilk yeri tutub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 41 623 ədəd olub. Yalnız bu iki e-xidmət üzrə cəmi istifadə sayı (184 971 ədəd) ümumilikdə 43 dövlət qurumu tərəfindən təqdim olunan 330 e-xidmət üzrə ümumi istifadə sayının (501 534 ədəd) 36,8 faizini təşkil edib.
Ölkədə əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdılması məqsədilə işçi və işəgötürənlər arasında bağlanan əmək müqavilələrinin, bu müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq bildiriş formalarında elektron qeydiyyatdan keçirilməsi üçün ƏƏSMN tərəfindən cari ilin 1 iyulundan elektron informasiya sistemi istifadəyə verilib. Hər bir əmək müqaviləsi, yaxud ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu sistemdə qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir. Bu islahat tədbiri əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin gələcək sosial, habelə layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın yaradılmasına xidmət edir.
Apa.az