Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinə ilk dəfə olaraq akkreditasiya attestatları təqdim olunmuşdur

Posted by

Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinə ilk dəfə olaraq akkreditasiya attestatları təqdim olunmuşdur

Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinə ilk dəfə olaraq akkreditasiya attestatları təqdim olunmuşdur

Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinə ilk dəfə olaraq akkreditasiya attestatları təqdim olunmuşdur

Fevralın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzlərinə akkreditasiya attestatlarının təqdim olunması tədbiri keçirilmişdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vətəndaşların sosial hüquqlarının səmərəli müdafiəsi sisteminin qurulmasının, eyni zamanda çətin həyat şəraitində yaşayanların, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial xidmətlərlə əhatə olunmasının dövlətimizin sosial siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdırmışdır.

Nazir bildirmişdir ki, son illərdə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” və “Sosial xidmət haqqında” qanunlar məişət zorakılığından zərər çəkmiş şəxslərin kompleks sosial xidmətlərlə təmin edilməsini bir vəzifə kimi qarşıya qoymuşdur. Qeyd etmişdir ki, əsas məqsəd yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınmasına, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsinə, onların hüquqi yardımla təmin edilməsinə, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılmasına yönəlmişdir.

Bu sosial xidmətləri göstərəcək qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasının müvafiq qanunvericiliyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olduğunu qeyd edən S.Müslümov müraciət etmiş qeyri-dövlət yardım mərkəzlərinin ilk dəfə olaraq həyata keçirilən akkreditasiyası prosesində onların müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmasının əsas meyarlar kimi diqqətdə saxlanıldığını bildirmişdir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov bildirmişdir ki, məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasını həyata keçirmək məqsədilə nazirliyin 19 noyabr 2013-cü il tarixli əmri əsasında yaradılmış Komissiyanın tərkibi əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarətdir. Ötən müddətdə komissiyanın üç iclası keçirilmiş və akkreditasiya üçün müraciət etmiş səkkiz qeyri-dövlət yardım mərkəzinin sənədləri yoxlanılmışdır, onların qanunvericilikdə nəzərdə tutulmuş meyarlara uyğunluğu qiymətləndirilmişdir.

Yekun olaraq dörd qeyri-dövlət yardım mərkəzinin – “Təmas” Regional İnkişaf İctimai Birliyinin, “XXI Əsrin Qadınları” İctimai Birliyinin, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin, və “Qadın təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin akkreditasiya olunması qərara alınmışdır.

Sonra S.Müslümov həmin qeyri-dövlət yardım mərkəzlərinə akkreditasiya attestatlarını təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.

 

AzərTac.az