Minsk qrupunun amerikalı həmsədri Azərbaycan və Ermənistanı xalq diplomatiyasını dəstəkləməyə çağırıb
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistanı tolerantlıq və etimadı gücləndirmək üçün xalq diplomatiyasını dəstəkləməyə çağırıb. Trend-in məlumatına görə, amerikalı həmsədr bu barədə öz “twitter” səhifəsində Sumqayıt hadisələrinə münasibət bildirərkən yazıb.
C.Uorlik bildirib: “Biz, həmçinin Sumqayıt hadisələrini xatırlayırıq. Həm Ermənistan, həm də Azərbaycan tolerantlıq və etimadı gücləndirmək üçün xalq diplomatiyasını dəstəkləməlidir”.
Sumqayıt hadisələrindən 26 il ötür. İstintaq materiallarına əsaəsən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Ona görə də həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Trend.az