Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərini dəqiqləşdirməsini gözləyir
ATƏT-in Minsk qrupunun həmsədrləri gələcəkdə irəliləyişə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin dəqiqləşdirilməsini gözləyir. Trend-in çərşənbə axşamı “Armenia Today”-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib.
Onun sözlərinə görə, ötən iki il ərzində yalnız xarici işlər nazirləri səviyyəsində görüşlər keçirmək təşəbbüsü irəli sürülüb: “Halbuki, mənim fikrimcə, qrafik cızmaq və mövqeləri dəqiqləşdirmək üçün yüksək səviyyədə görüşlərin davam etdirilməsinin vaxtı çatıb. Digər həmsədrlər də mənimlə həmfikirdir”.
Vasitəçilərin Ermənistan Prezidenti Serj Sarkisyanla da görüşü planlaşdırılır.
Bakı səfərinə toxunan İ.Popov qeyd edib ki, Azərbaycanın Prezidenti, xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçirilib: “Bu gün Serj Sarkisyana təklif edəcəyimiz prezidentlərin görüşünün təşkili məsələsi də müzakirə edilən mövzular sırasında olub”.
ABŞ-dan olan həmsədr Ceyms Uorlik isə əlavə edib ki, həmsədrlər sülhün bərqərar edilməsi istiqamətində işləyirlər: “Onlar başa düşürlər ki, vəziyyət münaqişə tərəfləri üçün mürəkkəbdir. Həmsədrlər ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyi planlaşdırırlar”.