Millət vəkili Qüdrət Həsənquliyev kommunal xidmət sahələrinin özəlləşdirilməsini təklif edir
Azərbaycanda elektrik enerjisi, qaz, su və digər kommunal xidmət sahələri təcili özəlləşdirilməlidir.
“APA-Economics”in məlumatına görə, bu təkliflə Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.
Millət vəkili xidmət sahələrinin özəlləşdirilməməsini dövlət üçün əlavə bir yük adlandırıb: “Hesab edirəm ki, dövlətin bu yükün altından çıxması, bu məsələlərdə kənara çəkilməsi imkan verəcək ki, nəzarət mexanizmi daha da yaxşı təşkil olunsun. Bəzi xarici ölkələrdə hətta həbsxanalara belə özəl şirkətlər nəzarət edir, mühafizə edir. Bu halda, yəni xidmət sahələrinin özəlləşdirilməsi dövlətin imkanlarını genişləndirir. İndiki halda isə bu dövlətə bağlı olan qurumlar olduğundan bir çox hallarda quruma yönələn tənqidlər həm də dövlətə yönəlir. Hesab edirəm ki, bu xidmət sahələrinə iş adamları investisiya yatırmalıdır. Strateji sahələr isə özəlləşdirilməsində isə yalnız Azərbaycan vətəndaşı iştirak etməlidir. Bununla bağlı qanunvericiliyə dəyişiklik edə bilərik. Düşünürəm ki, bunu etsək, bu sahədə nəzarəti həyata keçirə bilərik”.
Q. Həsənquliyev əlavə edib ki, kommunal xidmət sahələrinin özəlləşdirilməsi vətəndaşların daha səmərəli xidmət göstərməyə imkan verəcək. “Mətbuat vasitəsilə oxuyuruq ki, elektrik enerjisində itkilər çoxdur. Dünyanın heç bir yerində elektrik enerjisi sahəsində itkilər bu qədər deyil. Elektrik enerjisini istehsal edən qurum həm də bunu əhaliyə satır. Bu halda isə itki hallarına yol verilir. Elektrik enerjisi özəl təşkilat tərəfindən satılsa, bu qədər itki olmayacaq və əhali daha keyfiyyətli və səmərəli xidmətlə təmin ediləcək”, – deyə millət vəkili bildirib.
Apa.az