Milli Məclisin insan hüquqları komitəsinin iclasında bir sıra qanunlarda dəyişikliklər müzakirə olunub
Mayın 25-də Milli Məclisin insan hüquqları komitəsinin iclasında bir sıra qanunlarda dəyişikliklər müzakirə olunub.
“Vətəndaşların müraciətləri haqqında” yeni Qanunun tətbiqi ilə əlaqədar “Ətraf mühitə dair informasiya almaq”, “İnformasiya əldə etmək”, “İctimai iştirakçılıq” haqqında qanunlarda redaktə xarakterli dəyişikliklər ediləcək. Eləcə də adı çəkilən qanunun tətbiqi ilə əlaqədar “Hərbi qulluqçuların statusu”, “Prokurorluq” haqqında qanunlarda və İnzibati Xətalar Məcəlləsində əlavə və dəyişikliklər olunacaq.
Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, dəyişikliklər dəqiqləşməyə, şəffaflığa və hesabatlılığa xidmət edir.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar yüz manat, hüquqi şəxslər isə iki yüz manat məbləğində cərimə ediləcəklər. Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan əməllərdə cinayət təqibinin əlaməti olduqda həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunda edilən dəyişikliyə əsasən isə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində yox, 15 iş günü ərzində baxılacaq.
“Prokurorluq haqqında” Qanunda edilən dəyişiklikdə qeyd olunur ki, prokurorluq orqanlarında “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6-cı maddəsi ilə müəyyənləşdirilən tələblərə cavab verməyən anonim müraciətlər qəbul edilmir və onlara baxılmır. Qanunda edilən əlavəyə görə isə baş prokuror müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq icra hakimiyyəti orqanına məlumat verəcək.
Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasına baxılmağa tövsiyə edilib.
AZƏRTAC