Milli Məclisin deputatları Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlıq komitəsinin iclasında iştirak edəcək

Posted by

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Kamran Bayramov, Azər Kərimli, Elşad Həsənov və Elman Nəsirovdan ibarət nümayəndə heyəti qurumun 14-cü plenar sessiyasında iştirak etmək üçün mayın 1-dən 4-dək Brüsseldə səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan yeni çoxtərəfli müqaviləyə dair müzakirə aparılacaq, məqsədlər və imkanlar araşdırılacaq.

Qurumun həmsədrləri Cavanşir Feyziyev ilə Səyyad Kərim ikitərəfli əlaqələrin dərinləşməsində Parlament Əməkdaşlıq Komitəsinin rolunun artırılmasına dair təkliflərini diqqətə çatdıracaqlar.

Plenar iclasda qurumun vitse-həmsədri Kamran Bayramov “Azərbaycanda siyasi dialoq və islahatlar”, Elman Nəsirov isə “Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusunda məruzə edəcəklər. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində cəhdlər” barədə Azər Kərimli və Elşad Həsənov komitə üzvlərinə ətraflı məlumat verəcəklər.

AZƏRTAC