Milli Məclisdən bəyanat: Avropa Parlamentinin “erməni soyqırımı” qətnaməsi ikili standartların bariz nümunəsidir

Posted by

Milli Məclisdən bəyanat: Avropa Parlamentinin “erməni soyqırımı” qətnaməsi ikili standartların bariz nümunəsidirMilli Məclisdən bəyanat: Avropa Parlamentinin “erməni soyqırımı” qətnaməsi ikili standartların bariz nümunəsidir

Milli Məclisdən bəyanat: Avropa Parlamentinin “erməni soyqırımı” qətnaməsi ikili standartların bariz nümunəsidir

Aprelin 15-də Avropa Parlamentində (AP) qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnamə bizdə dərin təəssüf hissi doğurdu. Biz bu sənədi reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndiririk. Belə hesab edirik ki, bu sənəd Avropadakı erməni lobbisinin təsiri altında olan Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrin təsiri və təşviqi ilə qəbul olunub.

 

Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin adından bəyanat verən komitə sədri Səməd Seyidov bildirib.

 

S.Seyidovun fikrincə, AP-nin bu addımı Qərbdə, o cümlədən qurumda mövcud olan ikili standartların və islamofobiya əhval-ruhiyyəsinin bariz nümunəsidir: “100 il bundan əvvəl, 1915-ci ildə baş vermiş hadisələrə öz siyasi maraqları prizmasından yanaşan ermənipərəst dairələr uzaq keçmişdəki hadisələrdən anti-türk, anti-Azərbaycan, anti-İslam əhval-ruhiyyəsini qızışdırmaq məqsədi güdürlər. Əslində, tarixçilərin tədqiqat obyekti olacaq bu məsələyə müəyyən qrup avropalı deputatın faktlara əsaslanmayan bu cür mövqe sərgiləməsi birinci dəfə deyildir. Ən yeni tariximizdə Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktına, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş 1 milyondan çox insanın hüquqlarının pozulmasına biganə qalan bu siyasətçilərin belə qeyri-ciddi davranışı təəccüb doğurur”.

 

Komitə sədri qeyd edib ki, əslində müstəqil Azərbaycanın təcrübəsində ölkə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə hazırlaşdığı ərəfələrdə biz bu cür addımların atılmasının dəfələrlə şahidi olmuşuq: “Bakıda keçirilmiş Eurovision mahnı yarışması, indi isə Birinci Avropa Oyunları ərəfəsində bu hallar təkrarlanmaqdadır. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri kimi bildirirəm ki, Avropa Şurasının yuxarıda göstərilən məsələlərə münasibəti bizdə narahatlıq doğurur. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Avropa Şurası və Avropa Parlamenti ilə bərabər hüquqlu əməkdaşlıq etməyə hazırdır. Ancaq bu təşkilatların fəaliyyətindəki ikili standartlar bu xoş niyyəti kölgə altına alır. Biz bir daha avropalı deputatları xalqların tarixi və taleyi ilə bağlı məsələlərdə ədalətli olmağa və həssaslıq nümayiş etdirməyə çağırırıq”.

 

Trend.az