Milli Məclisdə Azərbaycanda “casus qalmaqalı” məsələsi müzakirə olunub
Milli Məclisdə Azərbaycanda “casus qalmaqalı” məsələsi müzakirə olunub.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc iki gün əvvəl ölkə mətbuatında yer alan “casus qalmaqalı” məsələsinə toxunub. Onun fikrincə, Azərbaycanda KİV çərçivəsində və media aləmində fəaliyyət göstərənlərin daxili mənəvi durumu arzuedilən səviyyədə deyil.
Onun sözlərinə görə, mətbuat səhifələrində kompromat savaşlar hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir. “Casus qalmaqalı” ilə bağlı yer alan hesabatda xarici ölkə rəsmilərinin, diplomatik korpusun nümayəndələrinin Azərbaycana qarşı təzyiqlərə, hətta “Maqnitski qanunu”nu Azərbaycana tətbiq etməyə çağırışları var: “Səfirliklər, xüsusən də Azərbaycanda müxtəlif dövrlərdə kəskin geosiyasi maraqları toqquşan diplomatik korpusların nümayəndələri real olaraq diplomatik mandat çərçivəsində fəaliyyət aparmalıdırlar. Azərbaycanda hər hansı xarici kapital və dairələrin yardımı ilə inqilab etmək mümkün deyil. Azərbaycan dövlətinin Azərbaycan xalqına bağlı mühüm siyasəti var”.
Millət vəkili qeyd edib ki, biz bilməliyik ki, ölkə əleyhinə fəaliyyət göstərən hansı təsir agentləri, şəbəkələr var.
Buna cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bunu bilmək üçün ölkədəki gündəlik qəzetləri oxumaq kifayətdir: “Amerika səfirliyinin xanım Vinsent adlı işçisi var idi. O, indidən Azərbaycanda keçiriləcək olimpiadanın boykot olunması ilə bağlı çağırışlar edir. Onun hətta ləqəbi də var və bunu hamı bilir. Ona “Miledi” deyirlər. Odur ki, belə miledilər hələ çox olacaq. Bu cür məsələlər və çağırışlara qarşı diqqətli olmalıyıq”.
Trend.az