Milli Məclis Xəzər dənizinin mühafizəsi ilə bağlı beynəlxalq sənədi təsdiq edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının “Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə” Qanun qəbul olunub.
Trend xəbər verir ki, qanun layihəsi barədə məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, protokola əsasən, razılığa gələn tərəflər quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində Xəzər dənizinin ətraf mühitini və sahilyanı ərazilərini çirklənmədən qorumaq, belə çirklənməyə nəzarət etmək, onu azaltmaq və mümkün olan maksimal həddə aradan qaldırmaq üçün Konvensiyanın müddəalarına əsasən fərdi və ya birgə bütün zəruri tədbirləri həyata keçirirlər.
Sənədə əsasən, tərəflər məlumat mübadiləsi aparacaq, ətraf mühitə təsirin qiymətləndirilməsi və monitorinqi istiqamətində birgə tədbirlər görəcəklər.
Trend.az