İyunun 20-də Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova açaraq “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.
Bahar Muradova deyib ki, qanun layihəsi yalnız deputatın etik davranış qaydalarını və ona görə məsuliyyətləri müəyyən edir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq qanun layihəsinin müddəalarına əməl etməyə borcludur.
Qanun layihəsinin məqsədləri deputatların fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın, deputatların fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması, deputatın etik davranış qaydalarına əməl etməsinin təmin olunması və deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsidir.
İclasda diqqətə çatdırılıb ki, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər maddəsinə əsasən deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə, yaxud qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Azərbaycan Respublikası Milli Məclisinin intizam komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, deputat Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, deputat adını, şərəf və ləyaqətini uca tutmalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.
İclasda qeyd olunub ki, deputat vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.
Sənəddə bildirilir ki, deputatın etik davranış qaydaları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanundan, Milli Məclisin Daxili Nizamnaməsindən, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında tövsiyə edilib.
AZƏRTAC