Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Posted by

Yanvarın 25-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin 2018-ci ilin yaz sessiyası dövründə ilk iclası keçirilib. İclasda komitənin 2017-ci il payız sessiyası dövründə gördüyü işlər və bu ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planından danışılıb.

Komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, hesabat dövründə komitənin üç iclası keçirilib. Bu iclaslarda altı məsələ, o cümlədən dörd qanun layihəsi geniş müzakirə edilib. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə vətəndaşlar tərəfindən 124 müraciət daxil olub, həmin müraciətlərin 70-i tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib, digərləri isə müvafiq qaydada həll olunub.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi artıq hazırdır. Qanun layihəsinin müvafiq qurumların rəyindən sonra bu sessiyada müzakirəyə çıxarılması nəzərdə tutulub.

AZƏRTAC