Məhkəmə sədri müavinlərinin səlahiyyətləri ilə bağlı dəyişikliklər təsdiq olundu
Azərbaycan Prezidenti İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1202-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 23-1-ci, 34-1-ci və 45-1-ci maddələr əlavə edilib:
“Maddə 23-1. Rayon (şəhər) məhkəməsi sədrinin müavininin səlahiyyətləri
Rayon (şəhər) məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, rayon (şəhər) məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.
Maddə 34-1. Hərbi məhkəmə sədrinin müavininin səlahiyyətləri
Hərbi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, hərbi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.
Maddə 45-1. İnzibati-iqtisadi məhkəmə sədrinin müavininin səlahiyyətləri
İnzibati-iqtisadi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, inzibati-iqtisadi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.”.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Trend.az