Məhkəmə-Hüquq Şurasına dövlət orqanı statusu verilir

Posted by

Azərbaycanda Məhkəmə-Hüquq Şurasına dövlət orqanı statusu verilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğu haqqında” qanuna əlavələr təklif edilir.

Layihəyə əsasən, qanunun 8-ci maddəsinin (Dövlət orqanlarının təsnifatı) 1-ci bəndinə (təsnifatlaşdırılan dövlət orqanlarının siyahısı) “məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan respublikasının Məhkəmə-Hüquq Şurası” sözləri əlavə edilir.

Hazırda isə Azərbaycanda dövlət orqanlarının təsnifat siyahısına görə qurumlar yalnız bunlardır:

“əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları)”.

Bununla bağlı maddənin ikinci bəndindən (təsnifatla bağlı ikinci mərhələdən) “Məhkəmə-Hüquq Şurası Aparatı” sözləri çıxarılır.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurası aparatının rəhbərinə isə “Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi” siyahısında inzibati status verilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Apa.az