Meksika Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır
Azərbaycanda səfərdə olan Meksika Senatının xarici məsələlər komissiyasının sədri Qabriela Kuevas Barronun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Meksika-Azərbaycan parlamentlərarası işçi qrupunun və insan hüquqları komitəsinin üzvləri ilə görüşmüşlər.
AzərTAc xəbər verir ki, görüşdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qonaqlara Azərbaycan haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycan qısa müddət ərzində sürətli inkişaf yolu keçmiş, regionun ən inkişaf etmiş ölkəsinə çevrilmişdir. Rəbiyyət Aslanova, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və qısamüddətli fəaliyyəti barədə də danışmışdır.
Azərbaycan-Meksika əlaqələrindən bəhs edən komitə sədri 20 ildən artıqdır ki, ölkələrimiz arasında diplomatik münasibətlərin mövcud olduğunu xatırlatmışdır. Qeyd edilmişdir ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi əlaqələrin daha da genişləndirilməsi baxımından çox önəmlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən R.Aslanova vurğulamışdır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi sənədlər hələ də Ermənistan tərəfindən icra olunmur.
Qabriela Kuevas Barron ətraflı məlumata və qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir. O, iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir. Azərbaycanın son 10 ildə böyük inkişaf yolu keçdiyini deyən qonaq Meksikanın turizm, iqtisadiyyat və digər sahələrdə ölkəmiz ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.