Mehriban Əliyevanın sədrliyi ilə İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib

Posted by

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib.

APA-nın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda çıxış edib.

“IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışına bir aydan da az vaxt qalır və bu gün Təşkilat Komitəsinin yekun iclasını keçiririk. Biz gərək əmin olaq ki, paytaxtımız Oyunların açılışına və keçirilməsinə tam şəkildə hazırdır, bütün lazımi tədbirlər görülüb, addımlar atılıb, yarışların keçirilməsi ilə bağlı və bütün istiqamətləri əhatə edən tədbirlər planı cavabdeh strukturlar tərəfindən yerinə yetirilir. Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanıb. Biz öhdəmizə götürdüyümüz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq”, – deyə o vurğulayıb.

Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları – həm Avropa, həm də dünya çempionatlarının keçirildiyini deyən M. Əliyeva qeyd edib ki, ümumi rəyə görə bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir: “2015-ci ildə Bakıda birinci Avropa Oyunları böyük uğurla keçirilib. Bu Oyunlar Avropanın Olimpiya hərəkatının yeni tarixində yeni səhifə açıb. Ümumi rəyə görə Azərbaycan dövləti birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil edib. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanıb və keçirilmiş Oyunlar kimi tarixdə qalacaq. Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub”.

M. Əliyeva qeyd edib ki, ölkəmiz artıq bütün dünyada idman məkanı kimi tanınıb: “Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlətimizin verdiyi dəstək bütün dünya tərəfindən tanınır və çox yüksək qiymətləndirilir. Aparılan siyasətin nəticəsi isə göz qabağındadır. İlk növbədə, bu, əlbəttə ki, Azərbaycan idmançılarının son illər ərzində əldə etdikləri nailiyyətlərdir. Ötən il Rio Yay Olimpiya Oyunlarında bizim idmançılarımız 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri tutmağa nail olublar. Siz yaxşı xatırlayırsınız ki, birinci Avropa Oyunları zamanı bizim yığma komandamız 56 medal qazanaraq ikinci yeri tutub. Əlbəttə, belə nəticələrlə bütün xalqımız fəxr edir və bu, Azərbaycan dövlətinin potensialının, Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da idmançılarımız bizi sevindirəcəklər, bizə qələbə sevinci bəxş edəcəklər. Oyunlarda 57 ölkəni təmsil edən 3 mindən çox idmançının iştirakı gözlənilir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar, Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir”.

M. Əliyeva qeyd edib ki, Oyunların uğurla keçirilməsində könüllülərin rolu xüsusi yer tutur: “Hamımız yaxşı xatırlayırıq ki, birinci Avropa Oyunları zamanı bizim gənclər çox gözəl, çox bacarıqlı, peşəkar iş nümayiş etdirdilər. Oyunlar zamanı onların xidməti bir çox qurumlar – həm beynəlxalq, həm də yerli qurumlar tərəfindən xüsusi vurğulandı. İslam Həmrəyliyi Oyunlarının keçirilməsində 8 mindən çox könüllü iştirak edir və əminəm ki, bu dəfə də gənclərimiz öz vətənpərvərliyini, peşəkarlığını, qonaqpərvərliyini, bacarıq və zəkalarını nümayiş etdirəcəklər. Bu günə qədər Təşkilat Komitəsi tərəfindən Oyunların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb və ümumiyyətlə, demək olar ki, şəhərimiz Oyunların açılışına hazırdır. Nəqliyyat sisteminin koordinasiyası ən vacib məsələlərdən biridir. Bunu keçmiş təcrübəmizdən də bilirik və biz burada bir neçə istiqamətdə çalışmalıyıq. İdmançıların idman obyektlərinə vaxtında və təhlükəsiz çatmaları, tamaşaçıların müxtəlif idman infrastrukturlarına gediş-gəlişi və əlbəttə, Oyunlar zamanı şəhər sakinlərinin rahat hərəkət etməsi təmin olunmalıdır. Əlbəttə, ümumi təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərilməlidir. İnformasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi kimi məsələlərə diqqət yetirilməlidir. Hərtərəfli tibbi xidmətin təmin edilməsi vacibdir. Bir sözlə, heç bir məsələ diqqətdən kənarda qalmamalıdır. Qeyd etdiyim kimi, bu gün bizim son iclasımızdır. Gərək biz əmin olaq ki, bütün məsələlərə diqqətlə yanaşmışıq və Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm və ümidvaram ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik”.

Sonra gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, daxili işlər naziri Ramil Usubov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli çıxış edərək görülən işlər barədə məlumat veriblər.

Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasa yekun vuraraq Azərbaycanın və paytaxt Bakının IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsinə hazır olduğunu vurğulayıb.

Apa.az