Mehriban Əliyeva: Son illər Azərbaycan-Fransa münasibətləri qarşılıqlı strateji tərəfdaşlıq xarakteri daşıyır

Posted by

Mehriban Əliyeva: Son illər Azərbaycan-Fransa münasibətləri qarşılıqlı strateji tərəfdaşlıq xarakteri daşıyırMehriban Əliyeva: Son illər Azərbaycan-Fransa münasibətləri qarşılıqlı strateji tərəfdaşlıq xarakteri daşıyır

Mehriban Əliyeva: Son illər Azərbaycan-Fransa münasibətləri qarşılıqlı strateji tərəfdaşlıq xarakteri daşıyır

Sentyabrın 3-də Parisin milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

 

“Azərbaycan şəhərciyi” Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilindən əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.

 

Tədbirin aparıcısı ölkəmiz və onun zəngin mədəniyyəti haqqında qonaqlara ətraflı məlumat verdi. O, bu il tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə baş tutduğunu bildirdi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi.

 

Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dedi: “Gözəl Parisin mərkəzlərindən biri olan və dünya şöhrətli Luvr muzeyinin yanında yerləşən Pale Royal meydanında “Azərbaycan şəhərciyi”nin açılışında sizi səmimi qəlbdən salamlayıram və hər birinizi görməyə çox şadam. Sentyabrın 9-dək bu meydan Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini, musiqisini, mətbəxini, ənənələrini, keçmişini və bu gününü əks etdirən bir məkana çevriləcək. Həm Parisin sakinləri, həm də paytaxtınızın çoxsaylı qonaqları, turistlər Azərbaycan haqqında burada dolğun məlumat ala bilər.

 

Mən, ilk növbədə, bu şəhərciyin hazırlanmasında və yaradılmasında əməyi olan hər bir şəxsə, xüsusən də Parisin 1-ci rayonunun meri Jan Fransua Löqareyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, biz son illər təkcə Parisdə yox, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərini keçiririk. Bu tədbirlər hər bir şəhərdə, hər bir regionda böyük maraqla qarşılanır. Mən bizə göstərilən bu dəstəyə görə Fransanın həm dövlət qurumlarına, həm də insanlarına dərin minnətdarlığımı bildirirəm”.

 

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərə çox böyük önəm verir: “Çox sevindirici haldır ki, son illər bu münasibətlər qarşılıqlı strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz bütün sahələrdə uğurlu əməkdaşlıq qurub, siyasi əməkdaşlıq ən yüksək səviyyədədir, iqtisadi əməkdaşlıq genişlənir, Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Biz bir çox sahələrdə – şəhərsalma, nəqliyyat, kosmik sənaye, yüksək texnologiyalar, şərabçılıq, yüngül sənaye və digər sahələrdə uğurlu əməkdaşlıq qurmuşuq və bu əməkdaşlıq genişlənir. Şübhəsiz ki, xalqların, insanların bir-birinə yaxın olmasında humanitar sahə çox böyük əhəmiyyət daşıyır”.

 

Birinci xanım vurğulayıb ki, Fransa-Azərbaycan münasibətləri bu sahədə son illərdə tamamilə yeni bir səviyyəyə qaldırılıb: “Mütəmadi şəkildə Azərbaycanın mədəniyyət günləri, mədəniyyət həftələri təkcə Parisdə yox, Fransanın regionlarında, şəhərlərində keçirilir. Misal üçün, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi Fransanın 20-dən çox şəhərində uğurla keçirilib. Bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi və ədəbiyyatı tədris olunur. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyəti Universitetində Azərbaycan dili fakültəsi fəaliyyət göstərir. Bakıda Fransız Liseyi açılıb, fəaliyyət göstərir və bu ilin aprel ayında Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu imzalanıb. Artıq ölkələrimizdə bu layihənin reallaşması üçün işçi qrupları yaradılıb və bu, o deməkdir ki, yaxın gələcəkdə Azərbaycanda Fransız Universiteti fəaliyyətə başlayacaq.

 

Artıq üç ildir ki, Kann şəhərində Azərbaycanın Mədəniyyət Günləri keçirilir və bu, artıq gözəl bir ənənəyə çevrilib. “Azərbaycan şəhərciyi”nin yaradılması da artıq bir ənənəyə çevrilib. Çünki ötən il biz Parisin 6-cı rayonunda yerləşən San Sülpis meydanında belə bir şəhərcik yaratmışdıq və bu, böyük maraqla qarşılanmışdı. Bu il isə Parisin 1-ci rayonunda belə şəhərcik öz qapılarını açır. Bütün bu layihələrin məqsədi xalqlarımızı bir-birinə yaxın etmək, dostluq münasibətlərimizi gücləndirmək, Azərbaycan haqqında həqiqətləri Fransa ictimaiyyətinə çatdırmaqdır.

 

Mən burada Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti cənab Manseli və üzvlərini səmimi qəlbdən salamlayıram. Sizin fəaliyyətinizi Azərbaycanda çox yüksək qiymətləndirirlər. Mən çox şadam ki, bu assosiasiyanın üzvlərinin sayı ildən-ilə artmaqdadır. Əlbəttə, Fransada Azərbaycana maraqla, hörmətlə yanaşan insanların da sayı artmaqdadır.

 

Əziz dostlar, ümidvaram ki, burada, bu kiçik məkanda siz Azərbaycanın mühitini hiss edəcəksiniz. Fürsətdən istifadə edərək sizin hər birinizi Azərbaycana səfərə dəvət edirəm. Şəhərciyin yaradılmasında bizə yardım edən hər kəsə bir daha dərin minnətdarlığımı bildirir, sizə xoş axşam arzulayıram. Çox sağ olun”.

 

X X X

 

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bildirdi ki, Fransa paytaxtının mərkəzində, Luvr Muzeyinin qarşısında belə yüksək səviyyəli tədbirin təşkili Azərbaycana marağı daha da artırır. Heydər Əliyev Fondunun bu işdəki fəaliyyətini yüksək qiymətləndirən Jan Fransua Löqare bu cür tədbirlərin ölkələrimiz arasında mədəni mübadilənin daha da genişləndirilməsində mühüm rol oynadığını dedi.

 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel Heydər Əliyev Fondu tərəfindən bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı təbrik etdi. O, ölkəmizdə birinci Avropa Oyunlarının uğurla keçirildiyini və bu idman tədbirinin Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğuladı. Jan Fransua Mansel Prezident İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropanın həyatında mühüm hadisə olan bu idman bayramını keçirməklə böyük uğura imza atdıqlarını diqqətə çatdırdı.

 

Şəhərciklə tanışlıq zamanı qonaqlar Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışına baxdılar.

 

“Azərbaycan şəhərciyi”ndə bu dəfə də ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunur. “Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik özünəməxsus dizaynda qala divarlarının əhatəsində təşkil olunub. Burada yaradılan bölmələrin hər biri ölkəmizi hərtərəfli tanımağa, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına geniş imkanlar açır. Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin geniş şəbəkəsi yer alıb. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə buradakı “Emalatxana” bölməsində yaxından izləyə bildilər. Ölkəmizi təmsil edən sənətkarlar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim etdilər.

 

Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunub. “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı bu sərgi ölkələrimizin və xalqlarımızın həyatını tərənnüm edir.

 

“Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi tərənnüm edən köşklər də qurulub. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri təqdim olunur. Şəhərciyin qonaqları üçün, həmçinin milli mətbəximizin ləziz xörəkləri hazırlanır. Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim edilir.

 

“Azərbaycan şəhərciyi”ndə quraşdırılmış səhnədə konsert proqramları da təşkil edilir.

 

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü ildə sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. İzləyicilərin maraqla qarşıladıqları bu layihə Azərbaycan ilə əlaqələrin genişlənməsinə böyük imkanlar yaratmışdı. Bu maraqdan irəli gələrək Heydər Əliyev Fondu Parisin daha bir məşhur meydanında – Pale Royalda ölkəmizin tarixini, milli mənəvi dəyərlərini, turizm imkanlarını tərənnüm edən növbəti belə bir şəhərcik təşkil edib. Qeyd edək ki, “Azərbaycan şəhərciyi” sentyabrın 9-dək fəaliyyət göstərəcək.

 

X X X

 

Daha sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın etno-caz musiqisi təqdim olundu. Qonaqlara xoş anlar yaşadan bu musiqi ölkəmizdə çox dərin caz ənənələrinin olduğunu bir daha nümayiş etdirdi. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır. Azərbaycan Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər. Azərbaycan cazının əsasında milyonlarla azərbaycanlının daxilindən gələn müstəqillik və eyni zamanda, milli ab-havanın birləşməsi ilə yaradılan fərqli və orijinal bir caz dayanır. Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem – caz-muğam üslubudur.

 

Beləliklə, Azərbaycan Fransa tamaşaçılarının qarşısına xoş ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxdı.

 

Trend.az