Mehriban Əliyeva Bakının Xəzər rayonunda körpələr evi-uşaq bağçalarının və poliklinikanın açılışında iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir
Sentyabrın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçasının binasının yenidənqurmadan sonra açılışında iştirak etmişlər.
Mehriban xanım Əliyevaya və Leyla Əliyevaya gül dəstələri təqdim edildi.
Azərbaycanın birinci xanımı bağça binasının əsaslı yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu bağça 1976-cı ildən fəaliyyət göstərmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmamışdır. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ildə başlanmışdır. Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəndə uşaqlar üçün yüksək şərait yaradılmışdır.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2 yaşdan 6 yaşadək olan 120 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaqdır. İkimərtəbəli bağçada 6 qrup vardır.
Mehriban xanım Əliyeva Buzovnadakı bağçaların sayı və oradakı vəziyyətlə maraqlandı.
Məlumat verildi ki, qəsəbədəki altı bağçadan dördü artıq əsaslı təmir olunmuş və yenidən qurulmuşdur. 289 nömrəli məktəbəqədər təhsil müəssisəsində yaradılmış şərait də uşaqlara ən yüksək səviyyədə təlim-tərbiyə keçməyə geniş imkan verir. Bağçanın ətrafı abadlaşdırılmışdır.
Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında da iştirak etmişlər.
Mehriban xanım Əliyevaya və Leyla Əliyevaya gül dəstələri təqdim edildi.
Mehriban xanım Əliyeva 246 nömrəli körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanın birinci xanımına məlumat verildi ki, bağçanın əvvəlki binası 1985-ci ildə tikilmişdir. Bina son illər yararsız vəziyyətə düşmüş və əsaslı təmirə ehtiyac yaranmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu binanın yerində yeni körpələr evi-uşaq bağçası inşa edilmişdir. Tikinti işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Nəticədə 246 nömrəli körpələr evi-uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılmışdır.
Mehriban xanım Əliyevanın diqqətinə çatdırılmışdır ki, bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcəkdir. Burada ümumilikdə 220 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaqdır. On bir qrup üzrə fəaliyyət göstərəcək bağçada uşaqların hərtərəfli və sağlam böyümələri üçün lazımi şərait yaradılmışdır. Bu uşaq müəssisəsi balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilmişdir. Bağçaya Heydər Əliyev Fondu tərəfindən də inventarlar hədiyyə edilmişdir. Həyətyanı sahə abadlaşdırılmış, 4 min 500 kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmış, oyun meydançaları və köşklər qurulmuşdur.
Sentyabrın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsindəki 214 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişlər.
Mehriban xanım Əliyeva körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il inşa olunan bağçanın ümumi sahəsi təqribən 6 min kvadratmetr, tikintialtı sahə isə 3800 kvadratmetrdir. Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, bağçanın ətrafında abadlaşdırma işləri görülmüş, yaşıllıq salınmışdır. Uşaqlar üçün futbol meydançası və istirahət guşələri yaradılmış, müxtəlif attraksionlar quraşdırılmışdır.
Məlumat verildi ki, ikimərtəbəli binada balacaların təlim-tərbiyəsi və məktəbəqədər hazırlığı ilə bağlı zəruri şərait yaradılmışdır. 200 yerlik bağçada 10 qrup fəaliyyət göstərəcək ki, bunlardan ikisi kiçik yaş qrupu, ikisi orta yaş qrupu üçündür. Üç böyük yaş və üç məktəbə hazırlıq qruplarında da yüksək şərait yaradılmışdır. Bütün tədris otaqları əyani vəsaitlərlə təchiz olunmuşdur. Bağçada on yataq otağında balacaların istirahətinin təşkili məqsədi ilə hər cür şərait yaradılmışdır. Bağçada musiqi zalı, bütün zəruri avadanlıqla təchiz olunan idman otağı uşaqların ixtiyarında olacaqdır. Bundan əlavə, balacaların psixoloji hazırlığı məqsədi ilə binada oyun zalları, yüksək səviyyədə yemək otaqları yaradılmışdır. Bağçada balacaların fiziki sağlamlığının təşkili məqsədi ilə yüksək standartlara uyğun hovuz da tikilmişdir.
Əhalinin sağlamlığının qorunması Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr sırasında mühüm yer tutur. Bu layihə çərçivəsində Fondun təşəbbüsü ilə Xəzər rayonunun Türkan qəsəbəsində tikilmiş yeni poliklinika binası sentyabrın 25-də istifadəyə verilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva poliklinikanın açılışında iştirak etmişlər.
Mehriban xanım Əliyeva poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, bu il tikilən poliklinikanın inşası yüksək keyfiyyətlə və bütün normalar nəzərə alınaraq həyata keçirilmişdir. Poliklinikanın ərazisində yaşıllıq salınmış, işıqlandırma sistemi quraşdırılmışdır.
Məlumat verildi ki, ikimərtəbəli binada 36 kabinet vardır. Poliklinika ən müasir tibbi avadanlıqla təchiz edilmiş, müasir standartlara uyğun olaraq rentgen, stomatoloq, ginekoloq, cərrah, USM, kardioloq, oftalmoloq kabinetləri qurulmuşdur.
Qeyd olundu ki, burada müasir standartlara uyğun laboratoriya da fəaliyyət göstərəcəkdir. Vurğulandı ki, poliklinikada yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycan səhiyyəsinin inkişafı dövlət qurumları ilə yanaşı, yarandığı gündən Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Fond ölkədə tibbi xidmətin keyfiyyətini artırmaq məqsədi ilə səhiyyə müəssisələrinə təmir və yenidənqurma işlərinin aparılmasında dəstək verir. Yeni tikilən səhiyyə ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar isə ilk növbədə bir məqsədə – Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.
Sentyabrın 25-də Bakının Xəzər rayonu Binə qəsəbəsində 285 nömrəli körpələr-evi uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olmuşdur.
Açılışda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
Mehriban xanım Əliyevaya və Leyla Əliyevaya gül dəstələri təqdim edildi.
Birinci xanım Mehriban Əliyeva körpələr-evi uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bağçanın binası 1985-ci ildə tikilmişdir. Sonralar binanın yararsız hala düşməsi burada uşaqların təlim-tərbiyəsinə imkan vermirdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin martında bağçanın binası sökülərək yerində yenisi inşa edilmişdir.
Mehriban xanım Əliyeva və Leyla Əliyeva bağçanın əvvəlki və indiki görünüşünü əks etdirən fotostendlə tanış oldular.
Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin və onun adını daşıyan Fondun uşaqlara diqqət və qayğısı istiqamətində gördüyü işlərdən bəhs edən fotoguşə yaradılmışdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bağçanın yeməkxanası ilə tanış oldu. Burada balacaların isti yeməklərlə təmin olunması üçün bütün lazımi şərait yaradılmışdır. İki yüz iyirmi yerlik körpələr evi-uşaq bağçasında Azərbaycan və rus qrupları fəaliyyət göstərəcəkdir.
Mehriban xanım Əliyeva uşaqların istirahəti üçün yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, bağçada musiqi və idman zalları fəaliyyət göstərir. Mehriban xanım Əliyeva idman zalında yaradılmış şəraitlə tanış oldu.
Heydər Əliyev Fondunun prezidentinə uşaq bağçası-körpələr evinin ətrafında aparılan abadlıq işləri barədə də məlumat verildi.