MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
MDB Parlamentlərarası Assambleyasının (PA) nümayəndə heyəti oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
APA_nın MDB PA-nın saytına istinadən xəbərinə görə, müşahidəçilər qrupunun koordinatoru vəzifəsinə Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş və həmvətənlərlə əlaqə komitəsinin sədri Leonid Slutski təyin edilib.
30 nəfərdən ibarət qrup seçkiləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti əsasında müşahidə edəcək. Onlar namizədlərin qeydiyyatı, seçkiqabağı fəaliyyəti, seçki komissiyalarının və müvafiq dövlət orqanlarının işini müşahidə edəcəklər.
Qeyd edək ki, MDB PA-nın uzunmüddətli müşahidəçiləri bu həftə Azərbaycanda olublar. Sentyabrın ortalarında qrupun koordinatoru L.Slutskinin Bakıya gələcəyi gözlənilir. Seçkilərin qısamüddətli müşahidəsini aparan MDB PA təmsilçiləri isə oktyabrın 10-da keçirəcəkləri mətbuat konfransında yekun rəylərini açıqlayacaqlar.