Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, planda nəzərdə tutulan tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib. İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə tədbirlər keçiriləcək.
Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və mütəxəssislərin iştirakı ilə təşkil olunacaq tədbirlərdə məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.
AZƏRTAC