Mübariz Əhmədoğlu: “Ermənistanla Rusiyanı niyə 4 dəmir yolu bağlamamalıdır?!”
Bir qrup ermənipərəst rus və erməni analitik Ermənistanın imkanlarını, Rusiya üçün əhəmiyyətini elə təqdim ediblər ki, sanki iki ölkə arasında əlaqələrin normal funksiyalaşması üçün 20 kommunikasiya da azdır. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, Rusiya Prezidenti Vladirmir Putin isə Rusiya ilə Ermənistan arasında kommunikasiya vasitəsi kimi gürcü-abxaz dəmiryolunun fəaliyyətə başlaması mövzusunu aktuallaşdırdı.
M.Əhmədoğlu qeyd edib ki, nəzəri cəhətdən Rusiya ilə Ermənistan arasında 4 dəmiryolu əlaqəsi mümkündür: “Birincisi, İran ərazisi ilə. Ənzəli limanından Ermənistana dəmir yolu çəkmək olar. Xəzər dənizində Həştərxan (RF) – Ənzəli (İran) – limanları arasında bərə-gəmi işləyə bilər. İkincisi, Türkiyə ərazisi ilə. Qara dəniz sahillərindəki Trabzon, Samsun limanlardan Ermənistana dəmir yolu çəkmək olar. Üçüncüsü, Moskva- Tbilisi- Yerevan dəmir yolu. İndi Gürcüstan parçalanıb. Gürcü-abxaz dəmir yolu işləmədiyinə görə bütöv bu marşrut fəaliyyətini dayandırıb. Nəhayət, dördüncüsü, Moskva-Bakı-Yerevan dəmiryol marşrutu ilə. Bu dəmiryolu Culfa (Azərbaycan) – Culfa (İran) – Təbriz (İran) – Tehranadək (İran) davam edirdi. Sonuncu iki dəmir yolu isə SSRİ dövründə fəaliyyətdə idi. Moskva-Bakı-Yerevan dəmiryolu indi daha çox Mehri dəmiryolu adı ilə tanınır. Ermənilər Azərbaycan torpaqlarını işğal etdikdən sonra bu dəmiryolu fəaliyyətini dayandırdı. SSRİ dövründə Ermənistana yüklərin 85 faizi məhz bu dəmir yolu vasitəsilə daşınırdı. Gürcü – abxaz dəmir yolunun işləməsinə baxmayaraq, o dəmir yolunun təbii və fiziki parametrləri sürətli hərəkətə və ağır vaqonların daşınmasına imkan vermirdi.
Ermənilər Mehri dəmir yolunu darmadağın etdilər. Sanki Rusiya ilə heç vaxt əlaqələri bərpa etməyəcəklər. Türkiyədən və İrandan Ermənistana yük daşımaları həyata keçirmək, dəmir yolları çəkmək vaxtilə müzakirə olunsa da, indi aktuallığını itirib. Gürcü-abxaz dəmir yolu Ermənistanla Rusiyanı birləşdirən əsas kommunikasiya vasitəsi kimi həmişə aktual müzakirə mövzusu olub və indi də aktualdır. Ermənistan Prezidenti Serj Sarkisyan gürcü-abxaz dəmir yolunu Ermənistan üçün həyati əhəmiyyətli hesab edir”.
Mərkəzin direktoru qeyd edib ki, Mehri dəmir yolu heç vaxt Rusiya və erməni siyasiləri tərəfindən müzakirə olunmayıb: “Əslində bu, Rusiyadakı siyasilərin ermənilərin təsiri altında olmasının ən vacib göstəricilərindən biridir. Moskva – Bakı – Yerevan dəmir yolu Rusiyanın Türkiyə və İrana çıxışını təmin edir. Rusiyanın Cənubi Qafqaz və Ön Asiya siyasətində bu dəmir yolunun rolu hədsiz böyük ola bilərdi. Amma bu marşrut ermənilərin uydurma maraqları ilə Rusiyanın köklü maraqlarını qarşı-qarşıya qoyub. Rusiyada böyük əksəriyyət dövlət maraqlarından çox Ermənistanın uydurma maraqlarını üstün tutub. Bir qrup rus siyasətçisi susub. Aktiv siyasətçilər isə bu dəmir yolunun fəaliyyətinin əleyhinə idi. Mehri dəmir yolunun açılması mövzusu ara – sıra Azərbaycan tərəfdən aktuallaşdırılırdı. Çox təəssüf ki, o vaxt heç kim bu müzakirələrə diqqət vermədi”.
Rusiya siyasətçilərinin və rəsmilərinin ermənilərin uydurma marağını özlərinin fundamental dövlət maraqlarından üstün tutması Azərbaycanda təsirsiz qala bilməzdi ki, bu da öz işini gördü:
“Mehri dəmir yolunun açılması indi Azərbaycan üçün əvvəlki kimi aktual deyil. Əvvəla, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu həm də Naxçıvan istiqamətində tikəcəkdir.
İkincisi, İran Azərbaycana İran ərazisində Culfa-Qulubəyli-Aslandüz dəmir yolunu tikməyi təklif edir. Bu ideya çoxdan gündəlikdədir. İran-Azərbaycan münasibətlərinin istiləşməsi fonunda son vaxtlar İran israrını bir az da artırıb. Mehri dəmir yolu Araz çayının Azərbaycan və Ermənistan (Keçmiş SSRİ Respublikaları) tərəfindən keçirdisə, Aslandüz-Qulubəyli-Culfa marşrutu Araz çayının İran tərəfi sahili boyunca tikiləcəkdir. İran Culfası ilə Azərbaycan Culfası körpü və ya dəmir yolu vasitəsilə birləşib. Başqa sözlə, hal-hazırda Azərbaycanın əlində Mehri dəmir yolunun Azərbaycan üçün funksiyasını yerinə yetirə biləcək bir reallaşmaqda olan layihə və bir də ideya- layihə mövcuddur. Naxçıvan tam blokadadan çıxacaq. Nəzərə almaq lazımdır ki, İran-Azərbaycan münasibətləri inkişafdadır. Bu inkişafın müəyyən mərhələsində İran tərəfi Aslandüz-Qulubəyli-Culfa dəmir yolu marşrutunun və orada indi fəaliyyətdə olan avtomobil yolunun keçdiyi ərazini 50 və ya 100 il müddətində Azərbaycana icarəyə də verə bilər.
Üçüncüsü, Mehri dəmir yolunun fəaliyyətə başlaması Qarabağ tənzimlənməsində Azərbaycana yardım edən faktor kimi də öz rolunu itirir. Ermənistan zəifləyir. Ermənistanın Dağlıq Qarabağın boğazından yapışmış əli getdikcə taqətdən düşür. Belə olan halda Mehri dəmir yolunu əsas götürüb hansısa dövlətdən xahiş etmək bizə lazım deyil”.
Nəhayət, dördüncüsü, politoloq hesab edir ki, təhlükəsizlik məsələləri Mehri dəmir yolunun fəaliyyəti ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməsinin əsas səbəblərindən biridir. Çünki Mehri dəmir yolu Azərbaycan üçün strateji təhlükə yarada bilər: “O Rusiya ki,Cənubi Qafqazda öz maraqlarını Ermənistanının qarşısında müdafiə edə bilmir, həmin Rusiya Azərbaycan üçün erməni təhlükəsinin daşıyıcısı ola bilər. Rəsmi Moskvanın Mehri dəmir yoluna bu vaxtadək olan münasibəti Rusiyanın Dağlıq Qarabağ məsələsində təhtəlşüurunun göstəricisidir. Bu münasibət həm də Rəsmi Moskva ilə Bakı arasında inamı sarsıdan ən böyük faktorlardan biridir.
İşğal altındakı torpaqlardan keçən Mehri dəmir yolu və hətta onun Ermənistan Respublikasının ərazisindən keçən hissəsi Azərbaycan SSR-in mülkiyyəti olduğu üçün Azərbaycan Respublikasının mülkiyyətidir. Amma indi bizim Mehri dəmir yolunun fəaliyyətinə ehtiyacımız yoxdur. Əgər Rusiyaya Mehri dəmir yolunun açılması lazımdırsa, onun üzərində Azərbaycanın mülkiyyət hüququnu aktuallaşdırmaqla sanballı təkliflə çıxış edə bilər”.
SİTM-nin direktoru əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) artıq rəsmən üzv olduğı üçün AİB də yeni təkliflə çıxış edə bilər.
M.Əhmədoğlu qeyd edib ki, ermənilər Kremli yaxşı tanıyır. Ona görə Mehri dəmir yolunu darmadağın edən ermənilər Gümrü (Ermənistan)-Qars (Türkiyə) dəmir yolunu göz bəbəyi kimi qoruyub saxlayıblar: “Bu Rusiyadan Qərbə qaçmağın toxunulmaz ehtiyat variantıdır. Özü də hər iki – həm Türkiyə və həm də Gürcüstan istiqamətindən. Ermənilər və onların Moskvadakı əlaltıları Kremldəki siyasətçiləri inandırmaq istəyiblər ki, gürcü-abxaz dəmir yolunun açılması həm də Rusiyanın İrana və Türkiyəyə dəmir yolu əlaqəsi qurması deməkdir. Kremli aldatmağı onlar yaxşı bacarırlar, amma bir az tələssinlər. Çünki, Rəsmi Moskva İranla dəmir yolunu Azərbaycan ərazisi vasitəsilə birləşdirmək barədə qərar verib. Rəşt-Astara dəmir yolunun tikintisinin maliyyəsini Rusiya tərəfi öz üzərinə götürüb. Astara-Astara dəmir yolu körpüsünün vaqon dəyişmə stansiyasını və dəmir yolunun İran ərazisindəki qalan hissəsini tikməyi Azərbaycan öz üzərinə götürüb, maliyyə ayrılıb, işlər başlayacaq. Hər halda ermənipərəst Rusiya ekspertləri Kremli aldatmaqları ilə bir daha sevinə bilməzlər və ya sevinclərinin ömrü qısa ola bilər”.
Trend.az