Mübariz Əhmədoğlu: 2014-cü ildə Ermənistanın ağır hərbi texnikası sıradan çıxarılmalıdır

Posted by

Mübariz Əhmədoğlu: 2014-cü ildə Ermənistanın ağır hərbi texnikası sıradan çıxarılmalıdır

Son illərdə formalaşmış ənənələrə əsasən, Azərbaycan Prezidenti ilin ilk səfərini Davosa edirdi. 2014-cü ildə bu ənənə pozuldu: Prezident İlham Əliyev ilk olaraq NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüsselə səfər etdi. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

NATO-nun hərbi-siyasi təşkilat olduğunu xatırladan politoloq qeyd edib ki, belə başa düşmək olar ki, 2014-cü il Azərbaycan üçün iqtisadi ildən daha çox hərbi-siyasi ildir.

M.Əhmədoğlu bildirib ki, NATO ilə məsləhətləşmələr Azərbaycan üçün çox vacibdir: “Bir neçə sualın cavabı tapılmalıdır: Əvvəla, NATO Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycana kömək edə bilərmi? İkincisi, NATO Dağlıq Qarabağda ehtimal olunan müharibə zamanı Türkiyənin bu müharibəyə qoşulmasına hansı reaksiyanı verəcək? Üçüncüsü, Dağlıq Qarabağda müharibə böyüyəcəyi təqdirdə NATO Azərbaycandan Avropaya neft-qaz daşıyan kəmərlərin təhlükəsizliyinin məsuliyyətini öz üzərinə götürə biləcəkmi?”

Politoloq hesab edir ki, cavabların müsbət olduğu və ya müsbət olacağı daha çox ehtimal ediləndir.

M.Əhmədoğlunun sözlərinə görə, NATO baş katibi Azərbaycan Prezidenti ilə keçirdiyi mətbuat konfransında 5 dəfə “sadiq” kəlməsini işlətdi: “Rasmussen Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu “həyati zəruri” termini ilə ifadə etdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü (Dağlıq Qarabağ daxil olmaqla) tanıyan NATO ilə əlaqələri kəsmək əvəzinə əməkdaşlığa can atır. Bu sahədə NATO presedent yaradıb. RF və KTMT də Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi bəyan etməklə yanaşı, Ermənistanla indiki səviyyədə əməkdaşlıq edə bilərlər. Ermənistan RF və KTMT ilə əməkdaşlıqdan imtina etməyəcək, çünki NATO presedenti var”.

M.Əhmədoğlu vurğulayıb ki, 2010-cu ildə Ermənistan Prezidenti Serj Sarkisyan NATO-ya Dağlıq Qarabağda Azərbaycana qarşı birgə müharibə aparmağı təklif etmişdi: “Ermənilər 2014-cü ilin əvvəlindən qoşunların təmas xəttində Azərbaycan hərbçilərinin aktivliyini qeydə aldılar; Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Ermənistanla sərhəd və qoşunların təmas xəttindəki hərbi hissələri təftiş etdi; Türkiyə hərbçiləri Azərbaycana səfər etdi; Azərbaycan Türkiyədən Tank Əleyhinə İdarəolunan Raketlər almağa başladı”.

Politoloq əlavə edib ki, 2013-cü ildə Ermənistan iqtisadiyyatının geriləməsi müharibə şəraitini xatırlatdı.

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının geriləməsi prosesini sürətləndirmək üçün ən mühüm amillərdən biri Ermənistanın hərbi texnikasını sıradan çıxarmaqdır: “Hərbi texnikası məhv edilmiş Ermənistan yenidən hərbi texnika almağa pul xərcləməli olacaq. Bu da Ermənistan iqtisadiyyatının çökməsi deməkdir. RF-nin Ermənistana havayı hərbi texnika verməsi barədə deyilənlər cəfəngiyyatdır. Ermənistan Rusiyadan hərbi texnika alsa, borca düşəcək. Ermənistanın ağır hərbi texnikasının sıradan çıxarılması müharibə kimi dəyərləndirilə bilməz. Müharibə isə çox realdır, amma bu müharibəni 1941-45-ci il müharibəsinə bənzətmək də səhvdir”.

 

Trend.az