“Magistr” xüsusi buraxılışının 3-cü nömrəsi nəşr edilmişdir

Posted by

“Magistr” xüsusi buraxılışının 3-cü nömrəsi nəşr edilmişdir

“Magistr” xüsusi buraxılışının 3-cü nömrəsi nəşr edilmişdir

“Magistr” xüsusi buraxılışının 3-cü nömrəsi nəşr edilmişdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” xüsusi buraxılışının 3-cü nömrəsi nəşr edilmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunmuşdur. Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu cədvəl əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının birinci mərhələsindəki nəticəsindən asılı olaraq onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Bu ildən başlayaraq magistraturaya qəbulda ixtisasından asılı olmayaraq bütün bakalavrlara jurnalistika üzrə ixtisaslaşmaları seçmək imkanı vermək qərara alınmışdır. Odur ki, cari ildə magistraturaya qəbul imtahanının birinci mərhələsində humanitar və sosial ixtisaslar qrupuna aid olan müsabiqə şərtlərini ödəyən bütün bakalavrlar jurnalistika üzrə 44 №-li proqramı da seçə bilərlər. Bunun üçün bakalavrlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilən müddətdə internetdə müvafiq sorğu anketini dolduracaq, daha sonra TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirəcəklər. Nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar.

Bitirdikləri ixtisasdan asılı olmayaraq bütün bakalavrlar 56 nömrəli proqrama aid olan MBA üzrə ixtisaslaşmaları, habelə Azərbaycan Turizm İnstitutunun 22 nömrəli proqrama aid olan və Beynəlxalq layihə üzrə mütəxəssis hazırlığı aparılan Turizm işi ixtisaslaşmasını seçə bilərlər.

Magistraturaya proqram seçimi, ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar “Magistr” xüsusi buraxılışının növbəti nömrəsində dərc ediləcəkdir.

Xatırladırıq ki, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları “Magistr” xüsusi buraxılışının builki 1-ci nömrəsində, qəbul elanı isə 2-ci nömrəsində dərc edilmişdir. Təqdim olunan bu materiallar bakalavrlara magistraturaya qəbul imtahanına səmərəli hazırlaşmaqda kömək etmək məqsədi daşıyır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müvafiq tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini bu il martın 2-də keçirmiş və bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə yoxlanılmışdır. İmtahanda iştirak etmək üçün 24 min 560 bakalavr qeydiyyatdan keçmişdir. Onlardan 1505 nəfəri imtahana gəlməmiş, 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunmuşdur. İmtahanda 23 min 47 nəfər iştirak etmişdir. İmtahanda ən yüksək nəticə 97 bal olmuşdur. Birinci mərhələnin nəticələrinə görə, 10 min 527 bakalavr proqram seçimində və imtahanın ikinci mərhələsində iştirak etmək hüququ qazanmışdır.

 

AzərTac.az