Londonda “Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri” adlı sərgi açılmışdır
Londonun “Oxo Tower Wharf” məkanının qalereyasında “VII Photo” təşkilatı və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə məşhur sosial və siyasi fotojurnalist Ed Kaşinin ölkəmizin qaçqın və məcburi köçkünlərinin həyat tərzindən bəhs edən şəkillərindən ibarət “Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri” adlı sərgi açılmışdır.
Sərginin açılış mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ölkəmizin və Britaniyanın hökumət, dövlət və ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak etmişlər.
AAC-ın sədri Taleh Heydərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmişdir. Onların çətin və acınacaqlı həyat tərzi haqqında məlumat verən AAC-ın sədri, yurd yuvalarından didərgin düşən bu insanlar haqqında dünya ictimaiyyətini məlumatalndırmağın vacibliyini diqqətə çatdırmışdır. T.Heydərov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışmışdır. AAC sədri bildirmişdir ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün dövlət tərəfindən humanitar proqramlar da həyata keçirilir.
Sonda T.Heydərov fotojurnalist Ed Kaşiyə təşəkkürünü bildirmiş, tezliklə torpaqlarımızın işğaldan azad olacağına və doğma torpağımız Qarabağda yeni şəkillərin çəkiləcəyinə umidvar olduğunu vurğulamışdır.
Fotojurnalist Ed Kaşi Azərbaycan haqqında təəssüratlarını iştirakçılar ilə bölüşmüş, şəkilləri çəkərkən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat tərzi barədə əldə etdiyi məlumatlardan danışmışdır. Qaçqın və məcburi köçkünlər arasında xüsusilə gənc nəslin öz doğma yurd yuvalarına qayıtmaq arzusunu dilə gətirmişdir. Bütün qaçqın və məcburi köçkünlərimizin gələcəyə ümidlə baxdığı xüsusi vurğulanmışdır.
Sərgidə təqribən 875 min azərbaycanlı məcburi köçkünün əzab-əziyyətlərindən bəhs edən sənədli fotoşəkillər nümayiş etdirilir. Bu təsiredici şəkillər 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün kimi yaşayan insanların həyat xronikalarıdır.
Sərgi aprel ayının 13-dək davam edəcəkdir.
AzərTac.az