Lənkəranda fövqəladə hallarla bağlı seminar-müşavirə keçirilmişdir

Posted by

Lənkəranda fövqəladə hallarla bağlı seminar-müşavirə keçirilmişdir

Lənkəranda fövqəladə hallarla bağlı seminar-müşavirə keçirilmişdir

Lənkəranda fövqəladə hallarla bağlı seminar-müşavirə keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in regionda fəaliyyət göstərən qurumları ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda regional seminar-müşavirə keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə FHN-in Baş Əməliyyat İdarəsinin, nazirliyin regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları, Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazi üzrə müvafiq rayon icra hakimiyyətlərinin fövqəladə hallara dair komissiyalarının sədrləri, regionun enerji, qaz və su təchizatı üzrə xidmətlərinin rəisləri, rayonların mərkəzi xəstəxanalarının, polis və təhsil şöbələrinin nümayəndələri iştirak etmişlər.

Məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirə etmək olmuşdur.

Toplantıda çıxış edən FHN-in Cənub Regional Mərkəzinin rəisi, polkovnik Zəmani Dadaşov nazirliyin regionda fəaliyyət göstərən qurumları tərəfindən müvafiq rayon idarə və müəssisələrinin rəhbərləri ilə birgə keçirilən seminar-müşavirələrin, “dəyirmi masa”ların vacibliyini vurğulamış, belə tədbirlərin qarşılıqlı fəaliyyətin gücləndirilməsi işinə böyük təsir göstərəcəyinə əminliyini ifadə etmişdir.

FHN-in Baş Əməliyyat İdarəsinin qarşılıqlı fəaliyyətin təşkili şöbəsinin rəisi, kapitan İlqar İsmayılov çıxışında nazirliyin regionda fəaliyyət göstərən qurumlarla enerji, qaz və su təchizatı üzrə xidmətlər arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının bəndlər üzrə geniş təhlilini aparmış, bu sahədə tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

Mərkəzin operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi, kapitan Müsəddiq Əsədov yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlərdən danışmışdır.

Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye qazdoldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, mərkəzin xidməti ərazisində baş vermiş suda boğulma hadisələrinin səbəbləri, təhlükəli ərazilərdən vətəndaşlar tərəfindən çimərlik kimi istifadə olunmasının qarşısının alınması istiqamətində görüləcək işlərin vacibliyi barədə ətraflı məlumat verilmişdir.

Seminar-müşavirədə rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları sədrlərinin, idarə və müəssisə rəhbərlərinin müzakirə edilən məsələ ilə bağlı təklifləri dinlənilmişdir.

Çıxışlarda irəli sürülən müddəaların interaktiv formatda konseptual təhlili keçirilərək, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.

Tədbirin sonunda iştirakçılara “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!” mövzularında hazırlanmış vərəqə və yaddaş kitabçaları paylanılmış, mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən tikililər, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlərlə bağlı fotoslaydlar nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.

 

AzərTac.az