İlk Azərbaycan-ABŞ diplomatik görüşünün 95-ci ildönümü Los Ancelesdə təntənəli qeyd edilib

Posted by

İlk Azərbaycan-ABŞ diplomatik görüşünün 95-ci ildönümü Los Ancelesdə təntənəli qeyd edilib

İlk Azərbaycan-ABŞ diplomatik görüşünün 95-ci ildönümü Los Ancelesdə təntənəli qeyd edilib

İlk Azərbaycan-ABŞ diplomatik görüşünün 95-ci ildönümü Los Ancelesdə təntənəli qeyd edilib

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə Los Ancelesin nüfuzlu Skirball Mədəniyyət Mərkəzində Azərbaycan musiqi ustalarının konserti keçirilib. Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, konsert Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan Demokratik Respublikasının nümayəndə heyətinin 1919-cu ildə Parisdə ABŞ prezidenti Vudro Vilson ilə keçirdiyi görüşün 95-ci ildönümünə həsr edilib.

 

Tədbirin başlanğıcında Azərbaycan barədə video-çarx nümayiş etdirilib. Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək Azərbaycanla ABŞ arasında keçirilmiş bu ilk tarixi diplomatik görüş barədə danışıb. O, prezident Vudro Vilsonun bu görüşdən çox mütəəssir olduğunu və ABŞ-a qayıtdıqdan sonra San Fransiskoda çıxışı zamanı görüşü böyük məmnunluq hissi ilə xatırladığını qeyd edib. Diplomat Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika olduğunu vurğulayaraq, ADR-in həyata keçirdiyi mütərəqqi islahatlardan, qadınlara hətta ABŞ-dan və digər Qərb ölkələrindən də öncə səsvermə hüququ verməsindən bəhs edib. Nəsimi Ağayev Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra ABŞ-la ümumi dəyərlərə, maraqlara və baxışlara əsaslanan strateji tərəfdaşlıq münasibətləri qurduğunu və olduqca önəmli bir bölgədə ABŞ-ın etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb.

 

Sonra Azərbaycan musiqi xadimləri geniş konsert proqramı ilə çıxış ediblər. Kaliforniyada yerləşən San Xose Ştat Universitetinin professoru, piano ustası, həmyerlimiz Namiq Sultanov Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini yüksək ustalıqla ifa edib. Amerika Gitara Fondu tərəfindən “Ən Yaxşı Gitaraçı” mükafatı ilə təltif edilmiş soydaşımız Rövşən Məmmədquliyevin ifa etdiyi Azərbaycan, Avropa və Amerika bəstəkarlarının əsərləri rəğbətlə qarşılanıb.

 

İstedadlı gənc xanəndə Aytən Məhərrəmovanın tarzən Rövşən Qurbanov və kamança ustası Ceyhun Muradov ilə birgə ifa etdiyi rəngarəng Azərbaycan muğamları və xalq mahnıları, xüsusilə ˝Sarı Gəlin˝ və “Qarabağ şikəstəsi” tamaşaçıların zövqünü oxşayıb, onların gurultulu və ayaqüstü alqışları ilə qarşılanıb.

 

Konsertdə 600 nəfərdən çox Los Anceles sakini iştirak edib.

 

Apa.az