Litvalı jurnalistlər: Bizim 13 yanvar faciəmizi yad edərkən “Qara yanvar” faciəsini görmüş azərbaycanlıların da halına acıdığınızı bildirməyi heç vaxt unutmayın
Yanvarın 13-də Litvanın www.slaptai.lt internet nəşrində bu portalın baş redaktoru Gintaras Visotskasın və tarixçi-jurnalist Algimantas Lekisin “Qara yanvar: Litva və Azərbaycan versiyaları” sərlövhəli məqaləsi dərc edilib.
Litva faciəsinə Şərq kontekstində yanaşma ilə seçilən məqalə bu sözlərlə başlanır: “Litva 13 yanvar 1991-ci il hadisələrini heç vaxt unutmayacaq. Bu, təbiidir. Belə faciələri prinsipial xalqların yaddaşından silmək olmaz. Bu, mümkün deyil”.
Məqalədə qeyd edilir ki, həmin gün Litva xalqının mənlik şüurunda mühüm dönüş nöqtəsi olub. 13 yanvar faciəsinin qurbanlarını hər il yad edən Litva unutmamalıdır ki, keçmiş Sovet İttifaqında başqa xalqların da tarixində “Qara yanvar” günləri olub.
G.Vsotskas və A.Lekis litvalı oxucunu Azərbaycanda “Qara yanvar” faciəsi ilə tanış edir, iki xalqın azadlıq yolunda bu iki faciə arasında paralellər aparırlar.
Məqalə müəllifləri yazırlar ki, 1990-cı ilin yanvarında Azərbaycanda həlak olanların sayı Litvada həlak olanların sayından 10 dəfə çoxdur.
Azərbaycanlılara qarşı təcavüz öz qəddarlığına görə 1956-cı ildə Macarıstana və 1968-ci ildə Çexoslovakiyaya hücumla müqayisə edilə bilər. Bu faciənin çoxsaylı şahidləri xatirələrində göstərirlər ki, sovet hərbçiləri hətta təcili yardım maşınlarına və ertəsi gün itkin düşmüş yaxınlarını axtarmağa çıxan azərbaycanlılara da atəş açırdılar.
“1990-cı il yanvarın 20-də nəyə görə məhz Azərbaycana zərbə endirilmiş, bu zərbə nəyə görə xüsusilə amansız olmuşdu?” Litvalı jurnalistlər bu sualın cavabını “Arqumentı nedeli” nəşrinin 17 yanvar 2014-cü il tarixli nömrəsində tapıblar. Tanınmış rus politoloqu, 1990-cı il 20 yanvar hadisələrindən dərhal sonra Bakıda olmuş Sergey Kara-Murza nəşrin həmin nömrəsində bildirir ki, Kreml müstəqilliyə can atan xalqları ram etmək üçün Azərbaycanda sadəcə məşq edirdi. Politoloqun fikrincə, Bakıdakı “Qara yanvar” bundan sonra Vilnüsdə, Riqada və Moskvada baş verən repressiyalar ərəfəsində bir növ məşq idi. Azərbaycan sınaq poliqonu olmuşdu.
Jurnalistlər yazırlar ki, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan insanlar Azərbaycanın mənafeləri ilə deyil, Kremldə imperiyanı qoruyub saxlamaqda marağı olan qüvvələrinin mənafeləri ilə hesablaşırdılar.
G.Visotskas və A.Lekis qeyd edir ki, Azərbaycan faciəsini tədqiq edərkən rusiyalı hüquqşünas, hüquq elmləri doktoru, professor Gennadi Melkovun “Sülhə qarşı cinayətlərə, hərbi cinayətlərə və bəşəriyyət əleyhinə cinayətlərə görə fiziki şəxslərin cinayət məsuliyyəti” («Уголовная ответственность физических лиц за преступления против мира, военные преступления и преступления против человечества» (изд. «Русский писатель», 2008) kitabını da yada salmaq lazımdır. Bu kitabın bir fraqmenti məhz Bakı hadisələrinə həsr olunub. G.Melkov yazır: “Bakı hadisələri sovet hakimiyyətinin ən qəddar cinayətlərindən biridir, çünki bu cinayətlər öz kütləviliyinə və onları törədənlərin həyasızlığına görə 1989-cu il aprelin 9-da baş vermiş Tbilisi faciəsini və bu qəbildən olan bir sıra başqa hadisələri, o cümlədən Vilnüsdə, Riqada və Moskvada törədilmiş qətlləri də geridə qoyur”. G.Melkovun sözlərinə görə, sovet ordusunun Bakı küçələrində törətdiyi özbaşınalıqlar xüsusi qəddarlığı ilə seçilən cəza aksiyası idi.
Müəlliflər “Qara yanvar”ın dini və milli amillərini araşdırarkən akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” (Bakı, 2000-ci il) kitabından da faktlar gətirirlər.
Müəlliflər yazırlar ki, R.Mehdiyevin kitabını oxuyandan sonra bu fikirlə razılaşmalı olursan: əsər diqqətə layiqdir. Bu kitabı diqqətlə oxuyan litvalı oxucu heyrətlənərək deyəcək: Litva ilə Azərbaycan arasında dini fərqlərə və çox böyük məsafəyə baxmayaraq, onların keçmişləri necə də oxşardır! Kitab Litva üçün böyük əhəmiyyət kəsb edən faktlar, müqayisələr və xəbərdarlıqlarla zəngindir. G.Visotskas və A.Lekis sonda yazırlar: “Biz bu kitabı oxumaqla, Azərbaycanın acı təcrübəsini araşdırmaqla öz torpağını necə qorumağı və maskalanmış düşmənləri necə tanımağı öyrənə bilərik”.
AzərTac.az