Əlillik və reabilitasiya məsələləri ilə bağlı ƏƏSMN-in “Qaynar xətt”inə müraciətlər azalıb
Cari ilin birinci rübü ərzində əlillik təyinatı və tibbi-sosial reabilitasiya məsələləri ilə bağlı vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Qaynar xətt”inə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 faiz azalaraq 115-ə enib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmçinin məşğulluq məsələləri üzrə müraciətlərin sayı 50 faiz azalaraq 40-a, əmək hüquqlarının təminatı məsələləri üzrə müraciətlərin sayı 63,5 faiz azalaraq 42-yə düşüb. Bu dövrdə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə “Qaynar xətt”ə 1069 müraciət daxil olub ki, bu da ötən ilin ilk rübündə olduğundan 25 faiz azdır.
Nazirliyin 142 – “Qaynar xətt”inə daxil olan müraciətlərin ümumi sayında isə azalma 36,1 faiz təşkil edib. Müraciətlərin əksər qismi sorğu xarakteri daşıyıb və hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə obyektiv araşdırılaraq müvafiq tədbirlər görülüb.
Trend.az