Əli Həsənov: Vaxtilə humanitar yardıma ciddi ehtiyacı olan Azərbaycan bu gün özü donor ölkə kimi çıxış edir
Vaxtilə humanitar yardıma ciddi ehtiyacı olan Azərbaycan bu gün özü donor ölkə kimi çıxış edir. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa zonasının direktoru xanım Anitta Underlini qəbul edərkən deyib.
Federasiya ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasındakı əməkdaşlığı, donorların dəstəyi ilə ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən layihələri yüksək dəyərləndirən Baş nazirin müavini qeyd edib ki, beynəlxalq humanitar təşkilatlara qayğı və diqqətlə yanaşmaq, onların fəaliyyəti üçün hərtərəfli şərait yaratmaq Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən birini təşkil edir: “Son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə dəstək məqsədilə ölkəmizdə 80-ə yaxın beynəlxalq humanitar yardım təşkilatı fəaliyyət göstərirdisə, bu gün onların sayı 30-a enib ki, bu da normal haldır. Çünki Azərbaycanın getdikcə artan iqtisadi imkanları artıq bu problemin də həllini öz üzərinə götürməyə imkan yaradıb”.
Ə.Həsənov işğalçı ölkənin qeyri-konstruktiv mövqe tutması nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmadığından, 90-cı illərdəki bir milyondan çox qaçqın və məcburi köçkünün sayının bu gün bir milyon 200 min nəfərə çatdığından təəssüfləndiyini bildirib.
Onun fikrincə, bütün bunlar dünyada hökm sürən ədalətsizliyin, beynəlxalq güclərin və nüfuzlu təşkilatların münaqişənin həllinə ikili standartlarla yanaşmasının nəticəsidir. Lakin haqq-ədalətin tezliklə öz yerini tapacağına, qaçqın və məcburi köçkün soydaşlarımızın doğma ata-baba yurdlarına qayıdacaqlarına əminliyini ifadə edən Baş nazirin müavini Federasiya ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasındakı əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin, gələcəkdə müxtəlif proqram-layihələrin daha yüksək səviyyədə həyata keçirilməsinin, bu cəmiyyətin istər qaçqın və məcburi köçkünlərin, istərsə də aztəminatlı əhalinin ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq köməkliklərin göstərilməsində aparıcı rol oynayan cəmiyyətə çevrilməsinin vacibliyini də diqqətə çatdırıb.
Federasiyanın rəsmisi xanım Anitta Underlin isə 6 il əvvəl Azərbaycanda olduğunu və ötən müddət ərzində ölkəmizin yüksək dərəcədə inkişaf etdiyindən qürur duyduğunu deyib: “İnkişaf etmiş ölkələrin inkişaf etmiş cəmiyyəti də olur və biz Azərbaycanda bir daha bunun şahidi olduq”.
Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin onun təmsil etdiyi qurumla sıx əməkdaşlıq şəraitində fəaliyyətini yüksək dəyərləndirən qonaq ölkəmizin əhəmiyyətini, cəmiyyətin potensialını nəzərə alaraq əməkdaşlığı yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını vurğulayıb. Elə görüşə də beynəlxalq humanitar fəaliyyətə qoşulmağın yollarını müzakirə edib müəyyənləşdirmək məqsədilə gəldiyini bildirən Anitta Underlin bu sahədə də hərtərəfli əməkdaşlığa nail olunacağına əminliyini ifadə edib.
Qəbulda maraq doğuran digər məsələlərlə də bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Trend.az