Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini onun müraciətinə əsasən qəbul edib.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə iki dost və müsəlman ölkə olan İran və Azərbaycan arasında humanitar sahədəki əməkdaşlığın xalqlarımızın mənafeyi çərçivəsində daha da inkişaf etdirilməsi məqsədi ilə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin dəvəti əsasında Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənovun rəhbərliyi ilə nümayəndə heyətinin 2014-cü ilin 23-27 noyabr tarixlərində İran İslam Respublikasına həyata keçiriləcək rəsmi səfəri ilə bağlı müzakirələr aparılıb.
Ə.Həsənov görüşdə Azərbaycanla İran arasında münasibətlərin inkişafından danışıb. Diqqətə çatdırılıb ki, dərin köklərə malik olan əlaqələrimiz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf edib. Ümummilli liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Bildirilib ki, son günlər ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamik inkişafının bariz göstəricisidir. Görüşdə bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına səfəri və ötən həftə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərini, səfər proqramı çərçivəsində keçirilən görüşləri, imzalanan sənədləri Azərbaycanla İran arasında dostluq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirən Baş nazirin müavini Ə.Həsənov bildirmişdir ki, hər iki ölkə və xalqlarımız arasında bütün sahələrdəki tarixi münasibətlər bu gün nəinki mehriban qonşuluq, hətta əsl qardaşlıq və dostluq münasibətlərinin nümunəsinə çevrilib.
Baş nazirin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu qeyd edib.
Böyük dövlətçilik tarixinə malik qonşu ölkənin daim Azərbaycanın yanında olduğu, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın müvafiq dövlət və hökumət qurumları arasında əlaqələrin genişlənməsinə də şərait yaratdığı vurğulanan görüşdə bildirilib ki, İran hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın dözülməz vəziyyətlə üz-üzə qaldığı vaxtdan Azərbaycana humanitar yardım göndərən ilk dövlətlərdəndir ki, bunları da xalqımız heç vaxt unutmayacaq.
Ə.Həsənov bu gün, həmçinin İran İslam Respublikasına nəzərdə tutulmuş səfəri, Azərbaycan-İran münasibətləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İran İslam Respublikasının dövlət televiziya kanalına da müsahibə verib.
Trend.az