Əli Həsənov Mingəçevirdə məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədi ilə oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub.
APA-nın yerli bürosunun xəbərinə görə, müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələri ilə birgə əraziyə baxış keçirən Əli Həsənov köçkün şəhərciyində tikinti işlərinin hazırkı vəziyyəti, indiyədək görülmüş işlər, nəzərdə tutulan tədbirlərlə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün konkret tapşırıqlarını verib. Məlumat verilib ki, layihəyə uyğun olaraq hazırda ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli binalar tikilir. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər nəzərdə tutulur. Ərazidə bundan əlavə 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binaların tikintisi də davam etdirilir.
Ə. Həsənov bildirib ki, bu ilin mayında ərazidə tikinti işlərinə başlanılıb və dekabrda başa çatdırılması nəzərdə tutulur. Baş nazirin müavini noyabrın birinci ongünlüyündən sonra intensiv yağışların başlayacağını nəzərə alaraq binaların fasadında və həyətində işlərin sürətləndirilməsi üçün konkret tapşırıqlar verib.
Görüşdə qeyd edilib ki, hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazilərində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir.
Ə. Həsənov Bakı Avropa Oyunları Komitəsinin icraiyyə komitəsinin olimpiya şəhərcikləri üzrə iş menecerləri ilə də görüş keçirib və bəzi məsələlər barədə fikir mübadiləsi aparıb.
Apa.az