Əli Əhmədov: “Azərbaycanda icbari tibbi sığortanın tətbiqində tələskənliyə yol vermək olmaz”
“Azərbaycanda icbari sığortanın tətbiqi ilə əlaqədar qanunvericilik bazası var. Bu, kifayət qədər maliyyə və əmək tutumlu işdir. Amma burada tələskənliyə yol vermək olmaz. Bu mənada daha çox işləmək, yüz ölçüb-bir biçmək lazımdır ki, səhv buraxılmasın”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi Azərbaycanın 10 milyona yaxın hər bir vətəndaşının marağına toxunan məsələ olduğuna görə kifayət qədər həssaslıq tələb edir.
Ə.Əhmədov qeyd edib ki, ayrı-ayrı ölkələrin timsalında, xüsusilə keçmiş Sovetlər Birliyi ölkələrində bu sahədə bir sıra nöqsanlara yol verilib: “Bu da həmin ölkələrdə aparılan islahatların lazımi nəticəyə gətirib çıxarmasına imkan vermədi. Ona görə də çalışmalıyıq ki, tələsmədən, ancaq qarşımıza qoyduğumuz məqsədə qəti addımlarla gedərək, nöqsanlara yol vermədən insanların sağlamlığının qorunması üçün ən əlverişli sistemin yaranmasına nail ola bilək”.
Apa.az