Əli Abbasov: Yaxın vaxtlarda operatorlararası qoşulmalar üzrə tariflərin azaldılması məsələsi öz həllini tapacaq
Yaxın vaxtlarda operatorlararası qoşulmalar üzrə tariflərin azaldılması məsələsi öz həllini tapacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı operatorlar arasında danışıqlar başa çatma mərhələsindədir. Bu məsələ nazirliyin kollegiyasının qərarına əsasən tənizmlənir: “Mən bu məsələnin həlli ilə bağlı nikbinəm və operatorlar artıq operatorlararası qoşulmalar üzrə vahid azaldılmış tariflərin tətbiqi ilə bağlı danışıqları başa çatdırırlar. Bundan sonra onların son istifadəçi üçün tariflərin gələcəkdə azaldılması imkanı yaranacaq”.
Ə.Abbasovun fikrincə, ümumilikdə Azərbaycanda mobil rabitə tarifləri bazarın reallıqlarına uyğundur və onlara təsir göstərmək olmaz, çünki bu, sözügedən sahənin inkişafına mənfi təsir göstərə bilər: “Həm də Azərbaycanda mobil rabitə xidmətləri tariflərinin müəyyən qədər azaldılması imkanı mövcuddur”.
Trend.az