İlham Əliyev İran xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Məhəmməd Cavad Zərif İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı.
Ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini bildirən Azərbaycan Prezidenti münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini qeyd etdi. Dövlətimizin başçısı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin məhsuldar olacağına və əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu vurğuladı. O, İran-Azərbaycan münasibətlərinin qurulmasında Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xidmətlərini böyük ehtiramla xatırlatdı. İranın xarici işlər naziri ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Görüşdə ölkələrimiz arasında regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.
Trend.az