Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin “uşağın doğulmasından sonra 1 il müddətində” müddəasının şərh edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin “uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz” müddəası uşağın ölü doğulduğu və ya doğulduqdan sonra 1 il müddətində öldüyü halları da ehtiva edir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
AZƏRTAC