Kommersiya sirri olan məlumatlarla bağlı qaydalarda dəyişiklik edilir
Azərbaycanda “Kommersiya sirri haqqında” qanuna dəyişiklik edilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, qanunun 4-cü (Kommersiya sirri hesab olunan məlumatlar) maddəsinin 8.1-ci bəndində açılmalı olan məlumatlarla bağlı şərtlərdə dəyişiklik edilir.
Dəyişiklikdə qeyd olunur ki, qiymətli kağızlar bazarı haqqında qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar kommersiya sirri hesab edilməyəcək.
Bəndin hazırda qüvvədə olan variantı isə belədir: qiymətli kağızlar haqqında qanunvericiliyə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və qiymətli kağızların mülkiyyətçiləri tərəfindən açılmalı olan məlumatlar istisna olmaqla, digər məlumatlar kommersiya sirri hesab olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq.
Apa.az