Kolorado Ştat Senatı: Azərbaycan ABŞ-ın önəmli müttəfiqidir
ABŞ-ın Kolorado ştatının ali qanunverici orqanı olan Ştat Senatının plenar iclasında Azərbaycana dair təqdimat keçirilib.
Trend-in Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna istinadən verdiyi məlumata görə, təqdimatda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.
Senatorlar Kevin Qrentam, Lerri Krauder və Kent Lambert çıxış edərək, Azərbaycanın mütərəqqi tarixi, regionda oynadığı önəmli rol, enerji sənayesinin inkişafı, ətraf mühitə göstərdiyi diqqət və ABŞ ilə sıx tərəfdaşlıq münasibətləri barədə danışıblar.
Senator Lambert çıxışında Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının ən fəal üzvlərindən biri olduğunu və ABŞ ilə müdafiə sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayaraq, onun Kosovo, İraq və Әfqanıstanda aparılan əməliyyatlara böyük töhfələr verdiyini qeyd edib. O, həmçinin Azərbaycanın regionda sülhün qorunmasında açar rolu oynadığını bildirib.
Sabiq ABŞ senatoru Riçard Luqara istinad edən Lambert qeyd edib ki, Azərbaycan ABŞ-ın Xəzər regionundakı ən mühüm müttəfiqlərindən biridir. Lambert Azərbaycan-ABŞ strateji tərəfdaşlığının böyük önəm daşıdığını bildirərək, bu dostluğa və dəstəyə görə Azərbaycana minnətdar olduqlarını söyləyib.
Senator Qrentam Azərbaycanın çox unikal tarixə malik olduğunu vurğulayaraq, Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk parlament respublikasını yaratdığını, öz vətəndaşlarına cinsindən, irqindən, etnik kimliyindən asılı olmayaraq bərabər hüquqlar verdiyini, hətta qadınların səsvermə hüququnu ABŞ-dan öncə tanıdığını bildirib. O, bu kimi mütərəqqi məsələlərdə Azərbaycanın regionda və dünyada daim ön sıralarda olduğunu qeyd edib.
Azərbaycanda çoxəsrlik tarixə malik yəhudi icmasının yaşadığını bildirən senator Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Azərbaycanın ABŞ-ın həm də mühüm ticarət tərəfadaşı olduğunu qeyd edən senator Azərbaycanın ABŞ-da fəaliyyət göstərən şirkətlərlə çoxmilyardlı müqavilələr bağlayaraq, Birləşmiş Ştatlarda minlərlə yeni iş yerinin açılmasına töhfə verdiyini bildirib.
Senator Krauder isə Azərbaycanın inkişaf etmiş enerji sənayesinə malik olduğunu qeyd edərək, ölkəmizdə alternativ enerji sənayesinin inkişafı sahəsində aparılan işlərdən söhbət açıb və ətraf mühitə məsuliyyətlə yanaşan Azərbaycanın mütərəqqi dövlət olduğunu vurğulayıb.