Kəmaləddin Heydərov İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə ilə görüşüb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Azərbaycanda səfərdə olan sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin qarşılıqlı rəsmi səfərləri çərçivəsində aparılmış danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.
Nazir qeyd edib ki, FHN nümayəndə heyətinin cari ilin mart ayında İrana səfəri zamanı sənaye və mədən işlərində təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair aparılmış müzakirələr də olduqca faydalı olub.
Öz növbəsində, M. R. Nemətzadə iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Apa.az