Kaliforniyanın ştat qanunvericiləri Azərbaycanın Respublika Günü ilə bağlı qətnamə qəbul edib

Posted by

ABŞ-ın Kaliforniya Ştat Senatının üzvü, senator Cef Ston və Ştat Assambleyasının deputatı Roki Çavez tərəfindən Azərbaycanın Respublika gününə dair qətnamə qəbul edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, qanunvericilərin birgə imzasıyla qəbul edilmiş və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bu sənəddə Azərbaycanın 1918-ci ilin 28 may tarixində İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurduğu vurğulanır.

Qətnamədə qeyd olunur ki, həmin illərdə Azərbaycanın dövlət müstəqilliyi qısa dövrü əhatə etsə də, gender bərabərliyi, qadın və kişilərə bərabər seçki hüquqlarının verilməsi, eləcə də dini və milli azadlıqlar sahəsində böyük nailiyyətlər əldə olunub.

Sənəddə həmçinin, Bolşevik işğalı nəticəsində 1920-ci ildə Azərbaycanın dövlət müstəqilliyinə son verildiyi vurğulanaraq, 1991-ci ildə Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyi ifadə olunur. Bildirilir ki, Azərbaycan keçən 26 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirərək, böyük önəm kəsb edən Xəzər regionunda ABŞ-ın etibarlı müttəfiqinə və strateji tərəfdaşına çevrilə bilib.

Vurğulanır ki, 99 ildən bəri hər il dünyanın müxtəlif ölkələrində milyonlarla, eləcə də ABŞ-da yaşayan on minlərlə azərbaycanlı 28 may tarixini qeyd edir, öz əcdadlarının vaxtı ilə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasındakı töhfələrini yad edirlər.

Sənədin sonunda hər iki qanunverici – senator C.Ston və Assambleya üzvü R.Çavez Kaliforniya ştatında yaşayan azərbaycanlıların bu ştatın ictimai zənginliyinə, mədəniyyətlərarası harmoniyasına, eləcə də əmin-amanlıq və rifahına verdiyi töhfələri yüksək qiymətləndirdiklərini bildirərək, 28 may 2017-ci il tarixini Azərbaycan Milli Günü kimi tanıdıqlarını bəyan edirlər.

Apa.az