İNFORMASİYA MÜHARİBƏSİNİN AKTUALLIĞI VƏ ONUN SOSİAL-PSİXOLOJİ TƏHLİLİ – Elvin Talışınski

Posted by

Bu gün dünyamızda cərəyan edən proseslər əsas verir ki, hər bir dövlətin ən başlıca vəzifələrindən biri, onun öz informasiya məkanına nəzarət etməsi uğrunda mübarizəsi olsun. Dövlətlər onların məqsədlərini yerinə yetirən informasiyanın əldə olunması, ondan səmərəli istifadə edilməsi və öz informasiya məkanını kənar hücumlardan müdafiə etmək üçün ciddi fəallıq göstərirlər. Bu informasiyadan istifadə və müdafiə dövlətin iqtisadi, siyasi, milli-mədəni, hərbi və digər sahələrində işlənə bilər. Buraya təkcə informasiya sahəsini deyil, eləcə də digər sahələrdə dəyərlərimizin müdafəisini əlavə etmək olar. Qarşı tərəfin hansı informasiyaya malik olmasını bilmək bizim hər hansı bir sahədə gücümüzün artmasına rəqibin isə əksinə azalmasına və sonda ona qarşı gəlməsinə şərait yarada bilər.
Bu gün artıq bütün dünyada, eləcə də bizim ölkəmizdə ən çox danışılan mövzulardan biri kimi heç şübhəsiz informasiya müharibəsini qeyd etmək olar. Hal-hazırda informasiya müharibəsi yalnız hər bir dövlətin, cəmiyyətin, deyil hətta adi bir vətəndaşın belə maraqlandığı mövzuya çevrilməkdədir. Bəs informasiya müharibəsi nədir? O, hansı vasitələrlə aparılır və məqsədi nədən ibarətdir? Informasiya müharibəsini ilk növbədə – iki tərəfin mübarizəsində maddi və intellektual sahədə hər hansı bir məqsədə çatmaq üçün bir birlərinin informasiya resurslarına aktiv informasiya təzyiqi göstərmək kimi qiymətləndirmək olar.
Terminoloji cəhətdən informasiya müharibəsinin anlayışı son zamanlar informasiya resurslarının, informasiya və telekommunikasiya texnologiyalarının, elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı ilə əlaqədar geniş istifadə olunmağa başlamışdır. Bütün bu amillər indiki dövrdə cəmiyyətin elmi-texniki, hərbi, siyasi, iqtisadi, sosial və mənəvi sahələrində nailliyyətlər əldə olunması üçün yüksək effektli vasitələr sayılır. Ilk dəfə informasiya müharibəsi anlayışı ABŞ və Yaponiyada istifadə olunmağa başlamışdır. Belə ki, ilk dəfə bu ölkələr onların informasiya sistemlərinə müdaxilələr nəticəsində yaranan böyük problemləri hiss ediblər. Məhz bundan sonra informasiya proseslərinə təsir göstərən məqsədyönlü, aktiv metod və vasitələr inkişaf etməyə başlamış, digər dövlətlərin informasiya məkanına müdaxilə halları isə kütləvi xarakter almışdır.
Informasiya müharibəsinin əsas məqsədi qarşı tərəfi səhv addım atmağa sövq edərək siyasi, hərbi, iqtisadi, psixoloji və sosioloji sahələrdə qələbə qazanmaq, rəqibdən üstün olmaqdır. Öz istəklərini həyata keçirmək məqsədi ilə mübarizə aparan tərəflər bir birilərinin informasiya və intellektual sahələrinə təsir göstərə biləcək hər bir vasitələrdən istifadə edirlər. Burada informasiya müharibəsinin üç ən əsas məqsədlərini qeyd etmək olar:
1. informasiya məkanına nəzarət edərək ondan səmərəli istifadə etmək və eyni zamanda öz informasiya funksiyalarımızı qarşı tərəfin addımlarından müdafiə etmək (kontrinformasiya);
2. informasiya məkanını nəzarətdə saxlayaraq rəqibə qarşı informasiya hücumlarından istifadə etmək;
3. hər bir şəraitdə olan informasiya funksiyalarından istifadə edərək hərbi güvvələrin ümumi effektivliyini yüksəltmək.
Informasiya müharibəsinin aktuallığı Avroatlantik hərbi-siyasi təşkilat olan NATO- nun da diqqətindən kənarda qalmamışdır. Bu istiqamətdə NATO sənədlərində informasiya müharibəsi dövlət səviyyəsinə qaldırılaraq onun informasiya sahəsində əsas məqsədləri açıq şəkildə göstərilmişdir. Bunlardan bir neçələrini vurğulamaq olar:
• üzv olan dövlətlərin eləcə də digər tərəfin siyasi və hərbi rəhbərliklərinin yalnız ölkənin maraqlarına cavab verən qərarlar qəbul etməyə məcbur etmək və Hərbi Qüvvələr üçün əlverişli şəraitin yaradılmasını təmin etmək;
• informasiya məkanında rəqib tərəfin üzərində üstünlük saxlamaq;
• hərbi əməliyyatlar zamanı qarşıya çıxan məsələləri həll etmək və məqsədlərə nail olmaq;
• ölkənin milli təhlükəsizliyini təmin etmək;
• siyasi və hərbi məsələləri həll etmək üçün informasiyanın doğruluğunu araşdırmaq və ya onu əldə etmək.
Informasiya müharibəsinin aparılması adi reklamlardan başlayaraq, xüsusi hazırlanmış riyazi proqramlara qədər olan bir çox metod və üslublara malikdir. Informasiya təsirinin metod və üslublarının seçilməsi konkret hədəflərlə, təsir obyektinin xarakteri ilə, müdafiə vasitələri ilə müəyyənləşdirilir.
Informasiya müharibəsinin tərkib hissələri kimi: psixoloji əməliyyatlar, elektron müharibəsi əməliyyatları, dezinformasiya və əkstəbliğat üzrə əməliyyatlar, təhlükəsizliyinin təmin edilməsi və müqaviməti üzrə aparılan tədbirlər, açıq şəkildə olan informasiya hücumları, informasiya resurslarına fiziki təsirlər və digər amilləri göstərmək olar. Bunlardan bəzilərinə qısaca aydınlıq gətirmək olar:
• psixoloji əməliyyatlar – rəqib tərəfin arqumentasiyasına təsir göstərmək üçün informasiyadan istifadə olunması;
• elektron müharibə – rəqibə dəqiq informasiyanı əldə etməyə imkan vermir;
• dezinformasiya – rəqibə bizim əsl gücümüz və niyyətlərimiz barədə yalnış informasiya çatdırır;
• fiziki dağıtma – informasiya müharibəsinin bir hissəsi kimi ola bilər, əgər informasiya sistemlərinin elementlərinə təsir göstərmək məqsədi daşıyırsa;
• təhlükəsizlik tədbirləri – rəqib tərəfin bizim imkanlarımız və niyyətlərimiz barədə məlumatların olmamasına səy göstərmək;
• birbaşa informasiya hücumları – informasiyanı birbaşa təhrif etməklə onun daşıdığı mahiyyətini görünmədən dəyişmək.
Informasiya müharibəsi açıq (aydın şəkildə) və gizli xarakter daşıyır. İnformasiya müharibəsi prosesləri bir qayda olaraq “adi müharibə” şəraitində açıq, aqresiv xarakter alır və müharibənin məqsədinin gizli saxlanılmasına xidmət edir. Dinc dövrdə informasiyanın təsiri adətən uzunmüddətli olur və informasiyaların qarşıdurmasında gizli xarakter daşıyır.
Informasiya müharibəsi anlayışına daha geniş aydınlıq gətirmək üçün onun əsas istiqamətlərini müəyyənləşdirmək olar:
• rəqibin həyatı əhəmiyyət daşıyan informasiya resurslarına, onun normal funksiyalaşması üçün vacib sayılan siyasi, hərbi, iqtisadi, ictimai və elmi-texniki strukturlarını təhrif edərək ona zərbə endirmək, eləcə də kompüter şəbəkələrinin texniki-proqram vasitələrini, informasiya telekommunikasiya sistemlərini və s. fəaliyyətini pozmaq;
• rəqibin nail olduğu inkişaf səviyyəsini müəyyənləşdirmək, onun qarşı tərəfin maraqlarına uyğun olan qərarlar qəbul etməsinə sövq etmək və ictimai rəyə təsir göstərmək məqsədi ilə onun informasiya resursları üzərində gizli nəzarət qurmaq;
• qarşı tərəfin bütün sahələrdə informasiyaya təsirindən dövlətin, cəmiyyətin və şəxsiyyətin informasiya təhlükəsizliyini təmin etmək.
Müharibə şəraitində yaşayan və iyirmi faiz torpağları təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan kimi bir dövlət üçün informasiya müharibəsi daha böyük əhəmiyyət kəsb edir. Kompüter texnologiyalarının indiki inkişaf səviyyəsi effektiv informasiya təbliğatının qurulmasına imkan verir. Bu gün əminliklə vurğulamaq olar ki respublikamızın, ermənilərin bir əsr ərzində təbliğat maşınını dağıtmaq, passiv müdafiədən çıxıb aktiv təbliğat mübarizəsinə başlamaq üçün tam imkanlar var. Burada əsas problem bu mübarizənin aparılma qaydalarını müəyyən edən təşkilati məsələlərin həllindən asılıdır.
Ermənistanın Azərbaycana qarşı illərdir apardığı böhtan dolu informasiya mübarizəsinin qarşısını almaq üçün aşağıdakı istiqamətlərdə müəyyən işlər görülməlidir:
1. Erməni informasiya-təbliğat maşının effektivliyini azaltmaq üçün respublikamızın sosial-iqtisadi sahədə qazandığı uğurları beynəlxalq miqyasda təbliğ etmək;
2. Dünya ictimaiyyətində ermənilərin böhtan və yalanlarını ifşa etmək, onların regionda (dünyada) hansı fəsadlar törətdiklərini göstərmək (məs. erməni terrorunun coğrafiyası, məqsədləri)
3. İnkişaf etmiş ölkələrdə erməniləri dəstəkləyən siyasi xadimlərin (deputat, konqresmen, senator və s.) seçicilərinə erməniliyin mahiyyəti haqqında məlumatlar çatdırmaqla reytinqlərinin aşağı düşməsinə çalışmaq;
4. Regionda iqtisadi maraqları olan dövlətlər və iqtisadi qurumlar üçün ermənilərin bu maraqlara təhlükə olması haqqında analitik yazıların hazırlanması və yayılması;
5. Azərbaycanlıların regionda aboregen, ermənilərin isə gəlmə olması ilə bağlı tarixi tədqiqatları genişləndirmək;
6. Qarabağ tarixi haqqında maddi sübutlar və faktların qorunub saxlanılacağı Qarabağ Muzeyini təşkil etmək.
Zənnimcə Azərbaycanda informasiya müharibəsinin bu şəkildə qurulması və fəaliyyəti yaxın gələcəkdə ölkəmizin siyasi, hərbi, iqtisadi sahəsində müvəffəqiyyətli addım atması üçün əlverişli şərait yarada bilər.
Beləliklə iyirminci əsrin müharibələri informasiyaya qarşı yeni dəqiq və səlis münasibət tələb edir. Bu informasiya siyasəti sahəsində dövlət islahatlarının əhəmiyyətini vacib sayır. Azərbaycan da bu məsələdə daha aktiv olmalıdır. Sonda bir daha onu vurğulamaq lazımdır ki, mövcud olan bu müharibədə qalib gəlmək üçün həm beynəlxalq aləmdə, həm də ölkə daxilində dövlət əsasən xüsusi diqqəti informasiya sahəsində mövcud olan əməliyyatlara ayırmalıdır.

Elvin Bəhruz oğlu Talışınski
AMEA Şərqşünaslıq İnstitutunun dissertantı,
Avrasiya İnzibati Elmlər Akademiyasının üzvü