Şəhərlərarası marşurutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla sərnişin daşımalarına qoyulan qadağa ləğv edilib
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik sərnişin avtonəqliyyat vasitələrinə dair tləblərlə bağlıdır.
Qaydaya əsasən indiyə qədər uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməyib. Dəyişikliyə əsasən uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) marşurutlarla bağlı bu qadağa ləğv edilib. Başqa sözlə, artıq uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə icazə veriləcək. Uzunluğu 150 km-dən çox olan beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməməsi barədə qadağa isə yenə də qüvvədədir.
Apa.az