Hərbi xidmət keçən əlil “əsgər”lərə simvolik hərbi biletlər təqdim olundu

Posted by

Hərbi xidmət keçən əlil "əsgər"lərə simvolik hərbi biletlər təqdim olundu

Hərbi xidmət keçən əlil “əsgər”lərə simvolik hərbi biletlər təqdim olundu

Hərbi xidmət keçən əlil "əsgər"lərə simvolik hərbi biletlər təqdim olundu

Azərbaycanda əlil gənclər üçün bir günlük simvolik hərbi xidmət təşkil edilib.

Trend xəbər verir ki, bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbərliyindən müdafiə naziri general-polkovnik Zakir Həsənovun ünvanına məktub daxil olub. Məktubda bildirilib ki, Mərkəzdə respublikanın müxtəlif şəhər və rayonlarından yüzdən artıq əlil gənc yaşayır. İndi yaşıdları həqiqi hərbi xidmətdə olan və yaxud əsgərliyini başa vuran bu əlil gənclər heç olmasa bir günlüyə əsgər forması geyinmək, hərbi and içmək, əllərinə silah almaq, əsgər yeməyinin dadına baxmaq arzusundadırlar. Məktubda onlar səhhətlərinə görə hərbi xidmətə yararlı hesab edilməsələr və həqiqi hərbi xidmətdən azad olsalar da, onların bu istəyi nəzərə alınaraq bir günlük simvolik əsgər həyatı yaşamalarına şərait yaradılması xahiş olunub. Çox çəkmədən əlil gənclərin bu arzuları reallaşıb.

Aprel ayının 30-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində respublikanın 20 rayonunu təmsil edən 29 nəfər gənc təntənəli surətdə “həqiqi bərbi xidmətə” yola salınıb. Onlardan 5 nəfər I qrup, 11 nəfər II qrup, 13 nəfər isə III qrup əlildir.

Müdafiə Nazirliyinin göndərdiyi avtobuslar artıq bir gün öncə əsgər forması ilə təmin edilmiş əlil gəncləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə gətirib. Onları Müdafiə Nazirliyinin rəsmiləri, Təlim və Tədris Mərkəzinin zabitləri, hərbi orkestr qarşılayıb.

Hərbi şəhərciklə tanışlıqdan, qısa məlumatlandırmadan və sıra hazırlığı məşğələsindən az sonra təntənəli andiçmə mərasimi başlayıb. Sağlamlığı məhdud olan gənclər masa üzərinə sərilmiş üzrəngli bayrağın üstündəki avtomat və pulemyotlara əl basaraq rəmzi olaraq Hərbi and içiblər. Dövlət himni ifa edilib. Müharibə veteranları, ictimaiyyətin nümayəndələri onları təbrik etdikdən sonra gənc “əsgərlər” tribuna önündən keçiblər.

Simvolik əsgərlər gün ərzində Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Silahlı Qüvvələrinin tarixinə dair ekspozisiya ilə, açıq səma altında nümayiş olunan müxtəlif illərin döyüş texnikaları ilə tanış olublar.

Onlara atəş şəhərciyi, sürücülük, idman trenajorlarında təyinatlar üzrə praktiki istifadə qaydaları göstərilib, cəbhə bölgələrindən gəlmiş zabitlər təlimlər keçəcək və onları maraqlandıran suallara cavab veriblər.

Tank və piyadaların döyüş maşını məşq qurğuları salonu “əsgərlər”Iin diqqətini daha çox cəlb edib. Onlara qurğu və adavanlıqlar barədə məlumat verilib, müasir qurğular vasitəsilə zirehli texnikanın idarə edilməsini yaxından izləyib, növbə ilə tankın “sükanı” arxasına keçərək zirehli texnikanı praktiki olaraq “idarə ediblər”.

Maraqlısı odur ki, “əsgərlər”in hər birinə simvolik olaraq “Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir gün həqiqi hərbi xidmətdə olmuşdur” hərbi bileti də təqdim edilib.

II qrup əlil, “əsgər” Cavid Ağayev Trend-ə bildirib ki, bir günlük əsgər həyatı onun üçün çox maraqlı keçib: “Çox yaxşı hisslər keçirirəm. Yatsaydım, yuxuma girməzdi. Özümü əldə silah əməlli-başlı əsl əsgər kimi hiss edirəm. Aparasaydılar, ümumiyyətlə, can-başla əsgər gedib düşmənə qarşı vuruşardım”.

I qrup əlil, “əsgər” Babayev Vüsal da Trend-ə açıqlamasında kövrələrək hisslərini ifadə etməkdə aciz olduğunu deyib: “Bu hissləri sözlə anlatmaq mümkün deyil. Bunu gərək yaşayıb biləsən. Bu gün keçirdiyim əsgər həyatını həmyaşıdlarımla birgə hərbi hissələrdə keçirmək istərdim. Bu, hər bir azərbaycanlının borcudur”.

II qrup əlil, “əsgər” Qasımov Anar Trend-ə bildirib ki, o belə bir tədbirin özü kimi digər gənclər üçün də təşkil edilməsini arzulayır: “Bu gün çox əla gün keçirdim. Sevincimin həddi-hüdudu yoxdur. Fəxr edirəm ki, mənə Azərbaycan əsgəri olmaq nəsib oldu. Artıq deyə bilərəm ki, mən də əldə silah əsgər olmuşam. İstərdim ki, bizim kimi digər fiziki qüsurlu gənclər üçün də belə bir şərait yaradılsın, onlar da bu hissi keçirsinlər. Bu layihənin təşkilatçılarının hamısına təşəkkür edirəm!”

II Dünya müharibəsinin iştirakçısı, 93 yaşlı veteran, istefada olan kiçik leytenant Həzi Məmmədov Trend-ə deyib ki, əlil gənclər üçün belə bir tədbirin təşkili təqdirəlayiq haldır: “Düz 75 il bundan qabaq bu “Salyanski kazarma”dan müharibəyə getmişəm. Bakıdan Mozdoka, Avstriyadan Alp dağlarınadək döyüşlərdə iştirak etmişəm. Şadam ki, bu gün də belə tədbirdə iştirak edirəm. Əlil uşaqlarımız üçün belə tədbirin təşkil edilməsi təqdirəlayiqdir. İnsanlara ruh yüksəkliyi lazımdır. Bununla onlara can verirlər, həyat verirlər”.

“Çağırışçılar” əsgər yeməkxanasında digər əsgərlərlə birlikdə süfrə arxasına əyləşərək birlikdə nahar etdikdən sonra onlar üçün Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının vətənpərvərlik mahnı və rəqslərindən ibarət konserti təşkil olunub. Sonda Heydər Əliyev muzey-lektoriyasında bir günlük əsgər həyatının yekunları müzakirə olunub, fərqlənənlər mükafatlandırılıb, hər bir gəncə xatirə hədiyyələri verilib.

 

Trend.az