“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda “dəyirmi masa” keçirilib
Bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda “dəyirmi masa” keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndərin büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, Milli Məclisin üzvü Mixail Zabelin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, həmin akademiyanın doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə və tarix kafedrasının professoru, tarix elmləri doktoru Həvva Məmmədova, Şura üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov dünyada insan üçün ən böyük nemətin azadlıq, dövlət üçünsə müstəqillik, əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu xoşbəxtliyin dəyərinin ölçüyəgəlməz olduğunu bildirib. Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət etmiş Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün ola bilən hər seyi etmişdir. Heydər Əliyev azərbaycanlı olduğu ilə həmişə fəxr edirdi. Azərbaycan xalqı bütün dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi rəhbəri, milli lideri olduğu üçün xoşbəxtdir. İndi də ona görə xoşbəxtdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursa layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaradılmışdır.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü S.Novruzov Azərbaycan tarixinin Heydər Əliyev dövrünün təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini, mahiyyətcə yeni tarixin formalaşması kimi bir anlama uyğun gəldiyini vurğulayıb. Heydər Əliyev Azərbaycanın yeni tarixini yaratmışdır. Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox qeyri-adi istedad və yaddaşa, universal biliyə, tükənməz səbrə və ən nəhayət, mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır. Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etdi.
Digər natiqlər də öz çıxışlarında Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildiriblər. 1969-cu ildə onun Azərbaycana rəhbər seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzun müddətli inkişafının əsasını qoyması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.
Trend.az