Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzi açılıb
Oktyabrın 21-də Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyanın Buxarest şəhərində fəaliyyət göstərən Rumın-Amerikan Universitetinin nəzdində Azərbaycan Araşdırmalar Mərkəzi açılmışdır.
AzərTAc xəbər verir ki, açılış mərasimində universitetin rektoru, müəllimlər, tələbələr, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmasının təmsilçiləri, diplomatik korpusun və KİV nümayəndələri iştirak etmişlər.
Tədbir Universitet Senatının otağında Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə Rumın-Amerikan Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması ilə başlanmışdır. Sonra tədbirin iştirakçıları Azərbaycan Araşdırmalar Mərkəzinin yerləşdiyi “Bakı” otağının açılışında iştirak etmişlər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. İ.Hacıyev bildirmişdir ki, mərkəzdə Azərbaycan dili tədris olunacaq, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi təbliğ ediləcək, ölkədə gedən inkişaf prosesləri barədə rumın tələbələrə məlumat veriləcəkdir. Qeyd olunmuşdur ki, Azərbaycan Araşdırmalar Mərkəzinin açılması iki xalq arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Rumın-Amerikan Universitetinin rektoru Ovidiu Folcut Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Rumın-Amerikan Universitetinə verdiyi böyük önəm üçün təşəkkür etmiş, Fondun Rumıniyadakı nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Rektor yeni imzalanmış sazişin və yeni yaradılmış Azərbaycan Araşdırmalar Mərkəzinin iki xalq arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulamışdır. O.Folcut Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində yüksək inkişafa malik olan Azərbaycanı təbrik etmişdir.
Tədbirin sonunda Azərbaycanın inkişafını əks etdirən “Azərbaycanın inkişafı: Neftdən sənayeyə doğru” filmi göstərilmişdir.