Hesablama Palatası ilə Türkiyə Hesablama Məhkəməsi arasında əməkdaşlığın istiqamətləri genişlənib

Posted by

Hesablama Palatasının 17 nəfərdən ibarət nümayəndə heyəti Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Türkiyə Respublikasının Ali Audit Qurumu olan Türkiyə Hesablama Məhkəməsində təlimlərdə iştirak edib.

Palatanın mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyəti Türkiyə Hesablar Məhkəməsinin sədri Seyit Ahmet Baş ilə görüşərək iki qurum arasında əməkdaşlığın ildən-ilə daha da gücləndiyini və istiqamətlərin genişləndiyini vurğulayıb.

Görüşdə Hesablama Palatası və Türkiyə Hesablar Məhkəməsi əməkdaşlarının hər iki ölkənin ali audit qurumları tərəfindən müxtəlif mövzularda həyata keçiriləcək nəzarət tədbirlərində qarşılıqlı birgə iştirakı, həmçinin təlimçilərin hazırlanması ilə bağlı təkliflər müzakirə edilib.

Təlimlər iki qrup üzrə təşkil edilib və 5 gün ərzində keçirilib. Birinci qrupda maliyyə auditi, səmərəlilik auditi və IT auditi ilə bağlı Türkiyənin təcrübəsi üzrə məruzələr edilib, fikir mübadiləsi aparılıb. İkinci istiqamət dövlət büdcəsinin icrası ilə bağlı hər iki ölkənin ali audit qurumlarının hazırladıqları hesabatlar və dövlət borcunun təhlilinə həsr olunub.

Sonda Hesablama Palatasının nümayəndə heyətinə təlimdə iştirakla bağlı sertifikatlar verilib.

AZƏRTA