GUAM-ın ticarətə və daşınmaya dəstək layihəsinin icrası üzrə rəhbər komitənin növbəti iclası Bakıda keçiriləcək
Dekabrın 17-18-də Ukraynanın Odessa şəhərində Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın (DİİT-GUAM) ticarətə və daşınmaya dəstək layihəsinin (TDDL) icrası üzrə rəhbər komitənin 21-ci iclası keçirilib. Qurumun Kiyevdəki qərargahından AzərTAc-a bildiriblər ki, iclasda quruma üzv ölkələrin, habelə Katibliyinin nümayəndələri iştirak ediblər.
Tərəflər TDDL-in rəhbər komitəsinin 21-ci iclasının gündəliyini təsdiq edib, DİİT-GUAM-ın iştirakçısı olan ölkələrinin ticarətə və nəqliyyata dəstək layihəsinin icrasının gedişatı, “GUAM-ın üzvü olan ölkələrin gömrük administrasiyaları arasında GUAM ölkələrinin dövlət sərhədlərindən keçən mallar və nəqliyyat vasitələri haqqında ilkin informasiya mübadiləsinin təşkili barədə Protokol”un mətni, habelə “GUAM-ın üzvü olan ölkələrin administrasiyaları arasında mallara və nəqliyyat vasitələrinə gömrük nəzarətinin ayrı-ayrı nəticələrinin qarşılıqlı surətdə qəbul edilməsi haqqında Protokol” layihəsi ilə bağlı məsələləri nəzərdən keçiriblər.
İclas iştirakçıları Dünya Gömrük Təşkilatının metodologiyası üzrə “Time Release Study” layihəsinin milli səviyyədə tətbiqi haqqında Azərbaycan tərəfinin informasiyasını dinləyiblər.
TDDL-in rəhbər komitəsinin növbəti iclası 2015-ci ilin birinci yarısında Azərbaycanda keçiriləcək.
AzərTac.az