GUAM-ın mənzil-qərargahında fövqəladə hallara dair iclas keçirilib
Ukraynanın paytaxtında GUAM-ın Katibliyində qurumun fövqəladə hallar üzrə işçi qrupunun 13-cü iclası keçirilib.
GUAM-ın mənzil-qərargahından AZƏRTAC-a bildiriblər ki, ikigünlük müşavirədə quruma üzv dövlətlərin fövqəladə hallar üzrə milli orqanlarının, habelə Katibliyin nümayəndələri iştirak ediblər.
Nümayəndə heyətləri üzv dövlətlərin fövqəladə halların qabaqlanması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirdikləri tədbirlər, eləcə də digər dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq barədə məlumat mübadiləsi aparıblar.
İşçi qrupu cari ildə fəaliyyət planının yerinə yetirilməsi barədə hesabatı və 2016-cı il üçün fəaliyyət planını nəzərdən keçirərək təsdiq edib.
Növbəti profil iclasının 2016-cı ilin mayında keçirilməsi barədə razılaşma əldə olunub.
AZƏRTAC