Gəncəlilər ulu öndər Heydər Əliyevi böyük ehtiramla yad ediblər
12 dekabr – sübh tezdən Gəncə sakinləri şəhərin ümummilli lider Heydər Əliyevin adını daşıyan baş meydanında – hər zaman müqəddəs tutduqları məkanda, ulu öndərin əzəmətli abidəsi önündə toplaşmağa başladılar. Tarixə adı əbədi həkk olunan qüdrətli siyasi dövlət xadimi, həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan, Gəncəyə və gəncəlilərə daim sonsuz diqqət və qayğı göstərən Heydər Əliyevin misilsiz xidmətləri barədə xatırlatma verilib.
Azərbaycanın Dövlət Himni səsləndikdən sonra böyük izdiham hərəkətə gəlib. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər rəsmiləri, ictimaiyyətin nümayəndələri abidənin önünə təzə-tər gül-çiçək dəstələri qoyaraq, ümummilli liderin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.
Dahi Heydər Əliyevə dərin məhəbbət bəsləyən və onun müdrik siyasi kursuna sadiqlik göstərən gəncəlilər ümummilli liderin müqəddəs ideyalarını əməllərində və əqidələrində daim yaşadacaqlar.
Trend.az